Ermənilər tərəfindən Azərbaycana qarşı törədilən hər bir təxribatın, terrorun arxasında, şübhəsiz ki, Ermənistan hökuməti, dövləti dayanır. Elə İrəvanda baş verən bayraq təxribatının da sifarişçisinin məhz hökumət olduğu aşkarlanıb.
Məlum olduğu kimi, 14 apreldə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində səhnəyə çıxaraq bayrağımızı alıb yandıran Aram Nikolyan Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla şəxsi münasibətlərə malikdir. Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Anna Akopyan Ermənistanın 4 geyim brendi içərisində Aram Nikolyanın "Nikolyan" brendinə xüsusi diqqət ayırıb və onun ofisini 2019-ci il 29 apreldə ziyarət edib. Akopyan həmçinin Nikolyana bu brendi dünyaya çıxarmaq üçün dəstək söz verib.
Erməni mediası istisna etmir ki, Anna Akopyan geyim tərzində də Nikolyanın yardımından istifadə edir.
Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb.
O, "Arm Jeans" və "Rose" şirkətlərinin baş dizayneri, "Şant" və "Armeniya" teleşirkətlərinin stilisti olub.
Hazırda "Nikolyan" moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.
O, 2013-cü ildən Ermənistan İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri vəzifəsini daşıyır. Ağır atletika üzrə Avropa çempionatının 14 apreldə baş tutan açılış mərasiminin təşkilatçılarından biridir və yüksək qonorara müqavilə imzalayıb.
Azərbaycan bayrağı olan libasların dizaynının da hazırlanması və tikilməsi ona tapşırılıb və o, buna görə 18,9 milyon dram (təxminən 50 min dollara yaxın) almalıdır, artıq 12,3 milyon dramını alıb.
Anna Akopyan İrəvanda bayrağımızı yandıran "Nikolyan" moda evinin şərikidir və onlar birgə çox işlər görüblər.
Yeri gəlmişkən, bayraq olayından sonra xəbər yayıldı ki, Aram Azərbaycan bayrağını məhz A.Akopyanın tapşırığına əsasən yandırıb. Erməni mediasında gedən məlumata görə, o deyib ki, bu təxribatı pul qarşılığında edib.
Ermənistanın “Bagramyan” teleqram səhifəsinə dizayner Aram Nikolyanın yaxın çevrəsindən olan mənbə bildirib ki, bu cinayəti həyata keçirmək üçün Nikolyan böyük qonorar da alıb. “Mənbəmizi bayrağı yandırmağa cəhd edən dizaynerin bu hərəkəti təəccübləndirib, çünki Aram Nikolyan pul müqabilində Azərbaycan bayrağı ilə tikiş tikərkən qətiyyən şikayətlənməyib. Mənbəmiz Nikolyanın hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağı yandırması ehtimalı ilə bağlı narahatlığını da ifadə edib”.
"Bu da onun Paşinyan ailəsinə xüsusən yaxın olduğunu göstərir"
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi bizimlə söhbətində bildirdi ki, Ermənistanın baş nazirinin arvadı Anna Akopyan Nikolyana arxa-dayaq olub, çünki ortaq biznes maraqları var. O, "Cinayətkar Anna Akopyanın himayəsində olan adamdır. Yəni bizim bayrağı yandıran Aram Nikolyan həqiqətən də Anna Akopyanla işbirliyindədir, müştərək biznesləri var. Məhz o tədbirin də dizaynını Anna Akopyan Arama sifariş vermişdi, 45 min dollarlıq müqavilə bağlamışdılar və onun da 33 min dollarını tədbir başlanan gün alıb. Geridə qalanını isə sonra alacaqdı. Təbii, burdan da belə qənaətə gəlmək olar ki, dövlət səviyyəsində ona Azərbaycan bayrağını yandırmaq tapşırılıb. Azərbaycan bayrağının yandırılması öncədən hazırlanmış bir aksiya idi. Tədbirin açılışında Annanın biznes şəriki olan həmin stilist ön cərgədə Paşinyandan bir neçə adam o yana oturmuşdu. Bu da onun Paşinyan ailəsinə xüsusən yaxın olduğunu göstərir. O, təşkilatçılar qrupunun üzvü kimi orada idi. O səhnəyə çıxıb bayrağı əlinə alan kimi bayraq yandı. Demək bu əvvəlcədən hazırlanmış iş idi. Dünən erməni mediası Anna Akopyanla Aramın birgə çəkdirdikləri fotolarını da yayımlamışdı, bu da onların ortaqlığını sübut edən amillərdən biridir.
Ermənistanda Azərbaycan bayrağını yandırmaqla əslində dünya qarşısında özlərini biabır etdilər. Erməni mətbuatının verdiyi məlumata görə, Annanın bütün yaxınlarının, o cümlədən, tanınmış adamların ailə üzvlərinin geyimlərini Aram tikir".
İ.Tanrıverdi qeyd etdi ki, baş verənlər onu göstərir ki, bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanların hamısı revanşizm xəstəliyinə düçar olub. "Bu, Ermənistanın birinci xanımının necə ortama sahib olduğunu və bu ölkədə cinayətkarların dövlət səviyyəsində müdafiə edildiyini göstərir"-deyə İ.Tanrıverdi bildirdi.
İradə SARIYEVA