Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə erməni cəmiyyətinə bəzi önəmli reallıqları etiraf edib. O, hökumətin iclasında çıxışı zamanı qeyd edib ki, Ermənistan cəmiyyəti hər kəsə aydın olan həqiqətləri qəbul edib mövcud şərtlərlə barışmayacağı təqdirdə, erməni toplumunun davamlı sülhə ümid bəsləməsi tamamilə yersizdir.
Paşinyan çıxışı zamanı etiraf edib ki, İrəvan öz müqəddəratını təyinetmə ilə bağlı separatçıların ümidlərini doğrultmayıb: “Öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri bütün Qarabağ münaqişəsi boyu mövcud olub. Əgər siz öz müqəddəratını təyinetmə məsələsini qaldırırsınızsa, deməli, siz nəyinsə bir hissəsisiniz. Və biz bu reallığı nəinki yaratmışıq, həm də onu sementləmişik. Bununla biz özümüzü və Qarabağ xalqını aldatmışıq”.
Daha sonra bunları əlavə edib: “Azərbaycanla sülh sazişinə “Dağlıq Qarabağ” mövzusunun daxil edilməsi baş tutmayacaq. Rəsmi Bakının mövqeyi və beynəlxalq hüquq normaları buna imkan vermir. Ancaq Cənubi Qafqaz regionunda dinc yaşamaq üçün Ermənistana sülh sazişinin imzalanması olduqca vacibdir. Bu isə yalnız Azərbaycan və Ermənsitan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanıyacaqları təqdirdə mümkün ola bilər”.
“Ermənistan dövləti dərk edir ki, hansısa formada Azərbaycanla razılaşmaq labüddür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, bütün bunlar onu göstərir ki, Paşinyan artıq bütün reallıqları dərk edir: “Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət üzvləri qarşısında çıxışı zamanı maraqlı bəyanat verib. N.Paşinyan ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını etiraf edib. O deyib ki, Madrid prinsiplərinə görə, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Paşinyan artıq anlayır ki, Ermənistan hakimiyyətinin indiyədək apardığı “Qarabağ” siyasəti yanlışdır. Çünki faktiki olaraq bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görür və qəbul edir. Bir sözlə, de-yure, de-fakto Qarabağ Azərbaycandır. Əgər Ermənistan dövləti yenidən hansısa bir qondarma “Dağlıq Qarabağ Respublikası” yaratmaq istəyirsə, bu yalnız onların anormal təfəkküründən xəbər verə bilər. Paşinyan dolayısı yolla bunların indiyədək apardığı “siyasəti” məhv edib. Açıq dedi ki, öz müqəddəratını təyinetmə ilə ərazi bütövlüyü prinsipləri eyni götürülə bilməz. Bu o deməkdir ki, öz müqəddəratını təyin etmə ərazi bütövlüyü prinsipindən üstün deyil. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qəbul edir. Paşinyan etiraf edir ki, Qarabağ müharibəsindən sonra rəsmi İrəvanın tutduğu yol düzgün yoldur. Ermənistan dövləti dərk edir ki, hansısa formada Azərbaycanla razılaşmaq labüddür. Əgər razılaşmasalar bu onları məhvə və uçuruma sürükləyə bilər. Paşinyan da bilir ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycan dövlətinə verilən sözə əməl etməkdən keçir. Sözsüz ki, Ermənistan dövləti xarici qüvvələrin təsiri ilə 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyannamənin şərtlərinə əməl etmir. Bütün bunları Paşinyan özü də çox gözəl dərk edir. Ermənistanın yalnız bir yolu qalır, o da sözügedən Bəyanamənin bəndlərinə (Böyük Sülh Sazişini imzalamaq, dəhlizlərin açılmasına imkan yaratmaq və s.) əməl etməkdir”.
Vidadi ORDAHALLI