Mina terroru ümumilikdə erməni terrorizminin əsas göstəricilərindən biridir. Məlum olduğu kimi, uzun illərdir işğal altında saxlanılan və müzəffər Ordumuz tərəfindən azad olunan torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən minalanıb.
Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Vətən müharibəsindən sonra bugünədək Ermənistan tərəfindən minalanmış Azərbaycan ərazilərində 51 nəfər həlak olub.
Növbəti mina terroru 18 aprel tarixində Tərtərdə qeydə alınıb. Rayonun Borsunlu kənd sakini Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb.
Onu da qeyd edək ki, ermənilərin mina terroruna beynəlxalq ictimaiyyət hələ də lazımi reaksiya vermir.
“Bugünə qədər haqqın, ədalətin, beynəlxalq hüququn yanında yer almayan dünya birliyi mina məsələsində də Azərbaycana doğru-dürüst köməklik göstərmir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mina terroru ilə bağlı məsələdə beynəlxalq birliyin növbəti ədalətsizliyi ilə üz-üzəyik: “30 il ərzində Ermənistan 3000-dən artıq Azərbaycan vətəndaşına qarşı mina terroru həyata keçirib. Vətən müharibəsindən sonra 250-dən çox vətəndaşımız mina terrorunun müxtəlif formada qurbanı olub. Mina terroru ilə bağlı Ermənistana beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiya verilməyib. Brussel bəyanatı və Rusiyada keçirilən görüşlərdə mina məsələsinə görə Ermənistana çağırış edilsə də, bu ölkə mina xəritəsini hələ də Azərbaycana təqdim etməyib. Nəticədə isə mina terrorunun qurbanı hər keçən gün daha da artır”.
Həmsöhbətimiz hesab edir ki, minasızlaşdırma ilə məşğul olan beynəlxalq təşkilatlarında fəaliyyət gücləndirilməlidir. Həmçinin, Ermənistana təsir və təzyiq artmalıdır. Bunlar olmadığı təqdirdə bu gün Ermənistan rahat şəkildə terroruna davam edir: “Qarabağın minalarla çirkləndirilməsi çox böyük bir problemdir. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terrorunun növbəti acı təzahürünü özündə ehtiva edir. Təəssüflər olsun ki, bugünə qədər haqqın, ədalətin, beynəlxalq hüququn yanında yer almayan dünya birliyi mina məsələsində Azərbaycana doğru-dürüst köməklik göstərmir. Dünya səviyyəsində mina terroruna adekvat qiymət verilmir”.
Günel CƏLİLOVA