Paşinyanın bu gün Ermənistan parlamentindəki çıxışı onun Azərbaycanla həqiqətən sülh sazişi imzalamaq fikrində olub-olmadığı barədə suallar doğurub.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
"Sülh sazişi imzalamaq olar, biz Azərbaycanın ərazi bütövlüyünü tanıya bilərik, kommunikasiyalar açılmalıdır, Rusiya və Qərbin nəzərində Azərbaycanın əhəmiyyəti artıb, Azərbaycan nəqliyyat-logistika mərkəzinə çevrilib" və sairlər Paşinyanın məruzəsinin əsas tezisləridir... Bunlar 10 noyabr sənədindən sonra neçənci dəfə mövqe dəyişmələrinin növbəti təzahürüdür. Məncə Paşinyan blefləyir, o könüllü şəkildə heç bir saziş imzalamaq fikrində deyil. Sadəcə blefləyir. Məlumdur ki, 2025-ci ilin parlament seçkilərinə az qalır. O, yenidən baş nazir seçilməyə çalışır və bunun üçün hamıya sülh mesajları verir. Demək istəyir ki, Ermənistanda məndən üstün sülh meylli qüvvə olmayacaq. Beləliklə, Paşinyan 2025-ci ilin seçkilərinə qədər özünün "sülhsevər lider" imicini yaratmağı, lakin sazişi imzalamamağı hədəfləyib. 2025-ci ildə isə yenidən seçiləndən sonra həmin şəraitə uyğun davranacaq və böyük ehtimalla sülh sazişindən yayınmaq oyunlarını 2-ci srokun sonunadək davam etdirməyə çalışacaq. Bunlar Paşinyanın özbaşına buraxıldığı və ya buraxılacağı şəraitin ssenariləridir. Ancaq o özbaşına buraxılacaqmı?!..
Tahir TAĞIYEV