Məlum olduğu kimi, bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (PA) 55-ci plenar iclası keçirilib. İclasda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək, Ermənistanın hərbi-siyasi təxribatları barədə geniş məlumat verib. Tutarlı faktlarla Ermənistanın təxribatçı fəaliyyətini ifşa edib.
Plenar iclasda Ermənistan parlamentinin spikeri Alen Simonyan da iştirak edib və tədbirdən öz məqsədləri üçün istifadə edərək Azərbaycana qarşı böhtan məzmunlu fikirlər səsləndirib. Ən təəccüblüsü odur ki, A.Simonyan həyasızcasına 44 günlük müharibədən sonra ölkəsinin 3 məsələyə əməl etdiyini deyib: “Ermənistan Azərbaycana minalanmış ərazilərin bütün xəritələrini verib. Ermənistan Qarabağa silah daşımaları həyata keçirmir və Dağlıq Qarabağda heç bir erməni hərbçisi yoxdur”.
O zaman necə olur ki, Laçınla Qarabağ arasında 2021-ci il istehsalı olan minalar aşkarlanır? Mina, slah, döyüş sursatı daşınmırsa, o zaman niyə Xankəndi-Xəlfəli-Turşusu torpaq yolu vasitəsilə yüklər daşınırdı?
“Nəzərə alsaq ki, Qarabağda heç 40 min erməni yaşamır, o zaman yerli ermənilər hesabına...”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Simonyan ortada olan real faktları həyasızcasına danır: “Məsələ ondadır ki, təkcə 2022-ci ilin ortalarında Laçınla Qarabağ arasında minlərlə 2021-ci il istehsalı olan mina aşkarlanıb. Sarıbaba, Qırxqız, Buzdux yüksəklikləri nəzarətə götürülən zaman kütləvi şəkildə minalanmış ərazilər aşkar edilib. Özü də 2021-ci ilin istehsalı olan minalar. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci ildən Laçın yoluna Rusiya sülhməramlıları nəzarət edir və o vaxtdan Ermənistanla Qarabağı yalnız həmin yol əlaqələndirir, o zaman sözügedən minalar orada necə peyda olub? Aydın məsələdir ki, Ermənistandan gətirilən minalar həmin yolla Qarabağa aparılıb. Sülhməramlıların bütün bunlara göz yumması şəraitində silahların daşınması həyata keçirilib. Bir məqamı da qeyd edim ki, sözügedən minalar aşkar ediləndən sonra Ağdamda müşahidə missiyasını həyata keçirən Rusiya və Türkiyə hərbçiləri Laçına dəvət olunub. Daha sonra həmin minalar sözügedən hərbçilərə göstərilib. Simonyan utanmadan deyir ki, Ermənistan Qarabağa silah daşınması ilə məşğul olmur. Əgər elədirsə, o zaman ötən ilin 12 dekabrında azərbaycanlı ekofəallar Şuşa-Laçın yolunda aksiya keçirəndə niyə separatçılar qanunsuz olaraq Xankəndi-Xəlfəli-Turşusu torpaq yolu vasitəsi ilə yüklər daşıyırdı? Özü də maskalanmış formada yüklər daşınırdı. Bəlli idi ki, həmin yolla silahlar daşınır. Ən nəhayət, Simonyan iddia edir ki, Qarabağda Ermnistanın ordusu yoxdur. O zaman 10 min nəfərdən çox silahlı qüvvə kimindir? Nəzərə alsaq ki, Qarabağda heç 40 min erməni yaşamır, o zaman yerli ermənilər hesabına bu qədər silahlı birləşmə formalaşdırmaq mümkünsüzdür. Deməli, oradakı silahlı birləşmələrin əsas hissəsini Ermənistan ordusu təşkil edir. Bir sözlə, biz ermənilərin nə deməsinə əhəmiyyət vermədən addım-addım bütün Qarabağı separatçılardan tam təmizləməliyik. Yalnız o halda bu bəladan birdəfəlik xilas olmaq olar”.
Vidadi ORDAHALLI