Məlum olduğu kimi, 14 aprel tarixində İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib.
Onu da qeyd edək ki, Ermənistan həm Türkiyə ilə futbol matçında, həm də ağırlıqqaldırma üzrə Avropa çempionatında təxribata yol verib. Futbol matçında Azərbaycan və Türkiyə xadimlərinə qarşı terror törədən erməni terror təşkilatlarının adları yazılan plakatlar, Njde, Andronik kimi terrorçuların şəkillərini nümayiş etdirirdilər. Maraqlıdır, idman yarışlarında terror çağırışları niyə dünyanı narahat etmir? Hər yarışda stadionda terrorçuların təbliğatının aparılmasına niyə icazə verilir?
“Baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ermənilərin məlum davranışı onların cılızlığından xəbər verir. Özünə hörmət edən istənilən dövlət və ya xalq bu cür davranış nümayiş etdirmir: “Hər hansı bir ölkədə idman yarışı keçirilirsə o ölkə bütün təhlükəsizlik məsələlərinə görə məsuliyyət daşıyır. Ev sahibi yarışda iştirak edən ölkənin bayrağını yandırıb cırırsa, terrorçularla bağlı şüarlar səsləndirirsə bu zəifliyin əlamətidir”.
Həmsöhbətimiz hesab edir ki, idman aləmində belə bir hal baş verirsə, dünyada yer yerindən oynamalı idi: “2015-ci il Bakıda keçirilən Avropa Oyunları ərəfəsində olmayan hadisələrlə bağlı uydurma məlumatlar yayılırdı. Həmin məlumatlarla bağlı dünyanı ayağa qaldıran beynəlxalq ictimaiyyət var idi. Xarici media və QHT-lər yalan məlumatlarla bağlı ölkəmizə təzyiq edirdilər. Həmin beynəlxalq ictimaiyyət yenidən ayağa qalxıb, terrora çağırışlarla bağlı reaksiya verməli idi. Beynəlxalq qurumlar hələ də ikili standartlardan çıxış edirlər və ermənilərin cinayətlərini görməzdən gəlirlər. Onlar erməni cinayətlərini, demək olar ki, gizli formada dəstəkləyirlər. Dəfələrlə bəyan etmişik ki, Azərbaycan və Türkiyəyə münasibət fərqlidir. Bu yanaşma yenə özünü göstərdi. Ermənistana qarşı göstərilən məlum diqqət bir daha sübut etdi ki, biz sözümüzdə haqlıyıq”.
A.Həsrətimizin sözlərinə görə, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.
Günel CƏLİLOVA