İranın xarici işlər nazirləri Hüseyin Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramova telefon açaraq ikitərəfli münasibətlərin nizama salınmasından bəhs edib. Tərəflər bir sıra məsələləri müzakirə ediblər.
Bu tərəfdən də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyaıarında Azərbaycan qarşı plakatlar qaldırılıb. Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb. Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır. Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi.
“O cür plakatların qaldırılmasında İrandakı erməni diasporasının da müəyyən rolunun olduğunu istisna etmirəm”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, bu cür qəzəb doğuran şüarlardan qaçmaq lazımdır: “Ona görə ki, bu, iki ölkə münasibətlərinin gərginləşməsinə yol açır. İranda hər il 14 aprel Qüds günu - Fələstin ərəblərinin mübarizəsi ilə həmrəylik günü kimi qeyd olunur. Bu il də istisna təşkil etməyib. Tehranla yanaşı İranın 90-dan çox şəhərində "Rədd olsun ABŞ", “ABŞ - böyük şeytan”, “Rədd olsun İsrail” şuarları altında etiraz aksiyaları keçirilib. Bu tədbirlərin bölgədə ABŞ-ın yeni dünya nizamı, habelə İsraildəki sionist dairələrin siyasətinə İranın mövqeyini bir daha açıqlaması fonunda rolu da şəksizdir. İranın xarici siyasət kursunun prioritet istiqamətləri islam inqilabının ali lideri tərəfindən müəyyənləşdirilir. Onun icrasına məsul şəxslər isə İranın xarici işlər naziri və rəhbərin xarici siyasət məsələləri üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkpər Vilaytidir. Görünən odur ki, İran Azərbaycanla münasibətlərin daha da gərginləşməsini istəmir. İran və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığını bu konteksdə dəyərləndirirəm. Qüdsə həmrəylik tədbirləri zamanı Azərbaycan əleyhinə plakatların qaldırllmasına şübhə edirəm. Əgər doğrudan da belə hal baş veribsə, o zaman bu, qəbuledilməzdir. Ən azından ona görə ki, bu cür hallar dövlətlərarası münasibətlərə zərər vurur. Ona görə də belə hallardan qaçmaq lazımdır. O cür plakatların qaldırılmasında İrandakı erməni diasporasının da müəyyən rolunun olduğunu istisna etmirəm. İran ətrafındakı geosiyasi reallıqlar konteksində onun bir neçə cəbhədə münaqişəyə çəkilməsi də istisna deyil. Baxmayaraq ki, bu, Tehranın maraqları xaricindədir. Onu da qeyd edim ki, İranın indiki siyasi rəhbərliyi əvvəlki prezidentlə müqayisədə islahatçı qanadı təmsil etmir. O da, habelə Vilayəti də bir qayda olaraq mühafizəkarlarla bağlı siyasilər kimi qəbul olunublar. İranın Ermənistana silah satması ilə bağlı məsələlərə gəlincə isə, keçən həftə Ermənistanda parlament saatı zamani ölkənin baş naziri bunu qətiyyətlə rədd edib. Ermənistanla bu sahədə hər hansı razılaşmanın olmadığını bəyan edib”.
Vidadi ORDAHALLI