Növbəti həftə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı zorakı aktlarla yadda qala bilər. Bu barədə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov öz twitter hesabında paylaşım edib:
“Yerli polisin verdiyi məlumata görə, gələn həftə Avropa və ABŞ-da erməni diaspor fəalları Azərbaycanın diplomatik nümayəndəlikləri və səfirliklərə qarşı zorakılıq aktları ilə yadda qalacaq. Biz onları izləyirik” .
Söhbət saxta erməni “soyqırım” iddialarının tarixi olan 24 apreldən gedir. Azərbaycan tərəfi belə basqıların qarşını almaq üçün hansı qabaqlayıcı addımları atmalıdır?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Vaqif Sadıqov Azərbaycanın Avropada fəaliyyət göstərən nümayəndə heyətinin rəhbəri olaraq bir diplomat kimi informasiyaya malik olan şəxsdir: “Yəqin ki, onun söylədiyi fikirlər müəyyən mənbələrdən daxil olmuş məlumatlara əsaslanır. Hər halda, elə bir ranqa mənsub şəxs əsassız, dəlil-sübut olmadan belə bir iddia ortaya qoymaqla o fikirləri söyləməzdi.
Ümumiyyətlə götürdükdə, son zamanlar Azərbaycanın xaricdə yerləşən diplomatik nümayəndəliklərinə qarşı zorakılıq əməlləri artmaqdadır. Bu, bir yandan erməni amili ilə bağlıdırsa, digər tərəfdən Azərbaycanın aparıcı region dövlətinə, regionda söz sahibinə çevrilməsi faktoru ilə bağlıdır. Təbii ki, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, yumşaq desək, heç də məmnun qalmayan tərəflər bütün bunlara reaksiyanı belə bir formada göstərməyi qarşılarına məqsəd qoyurlar. Bir sözlə, diplomatik səhnədə reallıq qarşısında geri çəkilməyə məcbur olan qüvvələr özlərini zorla sübuta yetirmək istəyirlər. Yaxın iki il ərzində İngiltərədə Azərbaycan səfirliyinə olan basqı, Tehranda yerləşən səfirlik əməkdaşımızın odlu silahdan qətlə yetirilməsi faktı, Ermənistanda keçirilən beynəlxalq idman tədbirində nümayəndə heyətimizə olan fitnəkarlıq faktı və sairə dediklərimə əyani sübutdur. Əgər bütün bunların üzərinə digər ölkələrin ərazisində yerləşən səfilikrəmizin önündə müxtəlif təxribat xarakterli hərəkətləri də gəlsək, qarşımıza xoşa gəlməyən onlarla fakt çıxacaq”.
24 aprel mövzusuna gəldikdə isə, ekspertin sözlərinə görə, onu demək olar ki, uydurma erməni genosidi kimi beynəlxalq ictimaiyyətə sırınan bu tarixi məqamda, əlbəttə ki, ermənilərin edə biləcəkləri təxribatla üzləşmə ehtimalı böyükdür: “Əslində erməni millətçiləri və Ermənistan dövləti tərəfindən bəlkə də hər saat bu tipli təxribata məruz qala biləcəyimizə baxmayaraq, məhz bu tarixdə onların türkə, istər Türkiyə Cümhuriyyətinə qarşı, istər Azərbaycana, istərsə də türk dünyasına qarşı edə biləcəkləri təxribatdan və düşmənçilik hərəkətlərindən maksimum dərəcədə müdafiə olunmağımız mühüm addımlardan biridir.
Bu cür hərəkətlərin qarşısının hansı qabaqlayıcı tədbirlərlə alınması məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, diplomatik missiyaların mühafizəsinin gücləndirilməsi, diplomatik korpusa daxil olan əməkdaşların şəxsi mühafizəsinə xüsusi diqqət yetirilməsi zəruri addımlardan biridir. Qalan məsələlər isə beynəlxalq normativlər çərçivəsində həllini tapmalıdır. Hər bir halda hər bir dövlətin ərazisində yerləşən diplomatik korpus ərazisinin və orada çalışan əməkdaşların təhlükəsizliyi ilə bağlı məsələlərə görə məsuliyyət qarşı tərəfin üzərindədir”.
Məhəmmədəli QƏRİBLİ