Elə gün yoxdur ki, hüquq-mühafizə orqanlarımız narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri, narkokuryerləri cinayət başında yaxalamasın. Demək olar, saxlanılan şəxslərin əksəriyyəti etiraf edir ki, bu cinayətə İran vətəndaşı olan şəxslər tərəfindən cəlb ediliblər. Bir sözlə, bu yöndəki cinayətlərin, qanunsuz əməllərin arxasından İran çıxır...
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının son 1 ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini və satışını təşkil edən ümumilikdə 18 nəfər saxlanıb.
Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 5 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb.
Həmin şəxslər - Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məmmədov, Ağasəf Xurşidov, Vüsal Əzizov, Rəşad Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Rövşən Vəliyev və Gülnar Ağayeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildirib.
İranlıların bizim vətəndaşları natkokuryerliyə cəlb erməsi yalnız pul qazanmaqla bağlıdı, ya İranın ayrı məqsədləri də var?
“Bakıda və regionlarda saxlanılan narkokuryerlərin İranla, İran vətəndaşları ilə bağları ortaya çıxır, onlar etiraf edirlər ki, molla rejiminin maraqlarına xidmət edirlər”
Siyasi ekspert Rövşən Rəsulov bizimlə söhbətində bildirdi ki, İranın bu əməllərinin arxasında duran amillərdən biri Azərbaycan vətəndaşlarını öz çirkin təxribatlarına cəlb etməkdir. “İranın narkoticarət və narkokuriyer şəbəkəsi yaratmaq sahəsində dünya ölkələri arasında birinci yer tutması təsadüfi deyil. Nəzərə alsaq ki, İran paralel olaraq Əfqanıstan kimi narkotik yetişdirən bir ölkə ilə həmsərhəddir. Hər zaman Əfqanıstanla İran arasında narkoticarət ən yüksək səviyyədə durub. Bundan belə nəticəyə gəlmək olar ki, İran Əfqanıstandakı narkoticarətçilərlə sıx əlaqədə olaraq narkotikləri öz ərazisindən digər ölkələrin ərazisinə keçirilməsində başlıca rol alır. Xüsusi ilə Qarabağın işğal altında olduğu dövrlərdə bu ərazi vasitəsilə narkotiklərin dünyaya, Avropa ölkələrinə, eləcə də Azərbaycana çıxarılması əsas vasitə kimi istifadə olunurdu. Həmçinin işğal olunmuş ərazilərimizdə narkoplantasiyalar da salınırdı ki, bunların təməlində İranın fəaliyyəti vardı. Narkokuryerlik məsələsində də biz çox ciddi bir hal müşahidə etmişik. 44 günlük müharibədən sonra İranla sərhədlərimiz bərpa olundu, ardınca isə İranın narkokuryerləri sərhədi keçməyə, bu tərəfə narkotik maddələr keçirməyə cəhdlər ediblər. Lakin Sərhəd Qoşunlarımız bunların qarşısını alıblar. Fəqət, biz bu prosesin indi də davam etdiyini görürük. Haqlı olaraq sual yaranır: İranın məqsədi nədir? Molla rejiminin narkokuryerlərinin Azərbaycandan istifadə etmək cəhdlərinin arxasında hansı maraqlar dayanır? Bu maraqlardan biri də İranın kirli siyasi iddialarıdır ki, bunun da arxasında Azərbaycan cəmiyyətində narkomaniyanı genişləndirmək, “inkişaf etdirmək” dayanır. Tehran rejiminin narkomaniyanı geniş yaymaqda əsas məqsədi Azərbaycan vətəndaşlarını və Azərbaycan dövlətini nəzarət altına almağa nail olmaqdır. Yəni molla rejiminin məqəsədi çox kirli və məkrlidir. Danılmaz faktdır ki, Bakıda və regionlarda saxlanılan narkokuryerlərin İranla, İran vətəndaşları ilə bağları ortaya çıxır, onlar etiraf edirlər ki, molla rejiminin maraqlarına xidmət edirlər”.
R.Rəsulov hesab edir ki, İran Azərbaycanda narkoticarət, narkokuryer şəbəkəsi vasitəsilə gəncləri, yeniyetmələri, hətta uşaqları belə narkotikə cəlb etmək istəyir. Onun sözlərinə görə, hətta narkokuryerlər məktəblərin, universitetlərin ətrafında dolaşırlar, iaəşə obyektlərində, gecə barlarında və başqa yerlərdə gəzirlər, İrandan qaçaqmalçılıq, qanunsuz yollarla gətirilmiş narkotik vasitələr satılır. “Onu da deyim ki, iranlı narkokuryerlərlə azərbaycanlılar arasında bir anlaşma da var, hətta onlar işlərinin müqabilində pul almırlar, əvəzində narkotik alırlar, onlar da onu satıb pula çevirirlər. Bu baxımdan, bu ciddi bir problemdir. İran “İslam Respublikası” adı altında saxta bir dövlətin başında dayanan əmmaməlilər, ayətullahlar narlotik dövriyyəsini öz siyasətlərinin aparıcı mövqeyi kimi saxlamaqadırlar. Bu vasitə ilə Azərbaycan cəmiyyətinə təsir göstərməyə cəhdlər edirlər. Azərbaycan cəmiyyətində hər kəsə İranın kirli maraqları məlumdur. Ona görə də, bu məkrli maraqların qarşısının alınması üçün mütəmadi olaraq müxtəlif müvafiq qurumlar tərəfindən tədbirlər görülməkdədir”-deyə R.Rəsulov qeyd etdi.
Əli TURABOV