Azərbaycanda İranın casus şəbəkəsinin üzvlərinin aşkarlanaraq həbs edilməsi Tehran rejimi tərəfindən narahatlıqla qarşılanır. Molla rejimi müxtəlif vasitələrlə həbs edilən əlaltılarına qahmar çıxmağa cəhd edir. Bir tərəfdən “Hüseyniyyun” terror şəbəkəsi casusları youtube vasitəsilə etdikləri çıxışlarla müdafiə edir, Şimali Azərbaycana qarşı hədyanlar yağdırır və onları “qəhrəman”, “din”, “şiə” təəssübkeşi kimi qələmə verməyə çalışırlar. Öz dövlətini, xalqını molla rejiminə satan casusların Tehran tərəfindən qəhrəmanlaşdırılması anlaşılandır, çünki onlar mollakratiyanın maraqlarına xidmət edən muzdlu “şiələrdir”.
MOİZE teleqram kanalının yaydığı məlumata görə, “Hüseyniyyun” terror təşkilatı Azərbaycanda həbs edilən İran casuslərının şəkilləri ilə yürüş keçirib.
“Tehran rejimi casuslarının müdafiəsi ilə bağlı “Hüseyniyyun” terror qruplaşmasına aksiya keçirməsi üçün göstəriş verməsi yolverilməzdir”
Mövzuya şərh verən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli bildirdi ki, İran adlanan ölkənin Azərbaycanla bağlı təhdidlərə davam etməsi ancaq bu ölkənin özünə problem yaradacaq. “Bu baxımdan, “Hüseyniyyun” adlanan terror qruplaşmasının da Şimali Azərbaycanda həbs edilən İran cəsuslarını müdafiə etməsi molla rejiminin simasını ifşa edir. Bu həm də bu rejimin ziyanına olan bir məsələdir. Azərbaycan dövlətin müstəqilliyini qorumaq, təhlükəsizliyini təmin etmək üçün müvfiq addımlar atıb. Azərbaycan vətəndaşı bütün hallarda dövlətinin maraqlarını qorumalı, onun bayrağına sahib çıxmalıdır. Azərbaycan vətəndaşı olub başqa ölkələrə xidmət etmək, onların xeyrinə cəsusluq yolunu tutmaq, onların ideologiyasına qulluq etmək yolverilməzdir. İranın cəsus şəbəkəsinin üzvlərinin həbs təbiidir, çünki Azərbaycan dövləti öz təhlükəsizliyini təmin edir.
Bu halda Tehran rejimi cəsuslarının müdafiəsi ilə bağlı “Hüseyniyyun” terror qruplaşmasına aksiya keçirməsi üçün göstəriş verməsi yolverilməzdir. Bu terror qruplaşmasını molla rejimi Azərbaycana qarşı yaradıb ki, onlar vasitəsilə ölkəmizin daxilində sabitliyi pozsun. Azərbaycan dövləti başqa ölkələrin casuslarını aşkarlayıb həbs etməklə öz təhlükəsizliyini qoruyur”.
F.Ələkbərli qeyd etdi ki, terror qruplaşmasının aksiyası Azərbaycan dövlətinin haqlı olduğunu bir daha təsdiqləyir: “O casusların həbsi molla rejimini ifşa edir, terrorçuların üzdəniraq aksiyası isə Azərbaycanın onları haqlı olaraq həbs etdiyini təsdiqləyir. Terrorçular bu aksiya ilə bir daha təsdiqləyirlər ki, həbs edilənlər İran casuslarıdır.
Aşkar göründü ki, bu şəxslər Azərbaycan dövləti üçün təhlükə yaradır və onlar molla rejimi tərəfindən idarə olunurlar. Belələri hər zaman ifşa ediləcəklər”-deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA