Məlum olduğu kimi, bu günlərdə ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropanın on ölkəsində başlayacaq “Defender 23” hərbi təlimləri barədə məlumat yayıb. Ermənistan da təlimlərdə iştirak edən ölkələr siyahısına daxil edilib, lakin bir neçə saat sonra mesajın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb.
O da məlumdur ki, Ermənistan ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirini minimuma endirmək üçün bu və ya digər dərəcədə gizli fəaliyyət göstərir. Qadağan olunmuş məhsullar Ermənistan üzərindən Rusiyaya daşınır. Özü də bununla bağlı çox ciddi sübutlar var. Bu səbəbdən Birləşmiş Ştatlar həm rəsmi İrəvanı xəbərdar edib, həm də erməni şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Ola bilərmi ki, ABŞ Ermənistanı o siyahıya əvvəlcə salıb, sonra çıxarması bu ölkəyə qarşı hazırlanan sanksiyalarla bağlı olub? Ona görə də ilk əvvəl Ermənistanı o siyahıya daxil etsələr də, sonra Rusiya ilə gizli oyunlar qurduğunu görüb Ermənistanı o siyahıdan xaric etdilər.
“3 milyon əhalisi olan və zəif iqtisadiyyata malik Ermənistan bu qədər böyük dövriyyəyə malik ola bilməz”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynov bunu istisna etmədi: “Həqiqətən də ABŞ bir müddət əvvəl Ermənistanla hərbi sahədə əməkdaşlığa xüsusi önəm verirdi. Baxmayaraq ki, Ermənistan NATO-ya qarşı olan KTMT-də təmsil olunurdu. Ancaq Vaşinqton müxtəlif hərbi proqramlara Ermənistanı cəlb edirdi. Bu, xüsusən 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra daha qabarıq formada özünü göstərirdi. Bunun səbəbi onunla bağlı idi ki, biləvasitə Qərbin yardımı ilə Paşinyan hakimiyyətə gəldi və Rusiyanın satileti olan “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı. Ancaq son bir neçə ayda Ermənistan hakimiyyətində Rusiya yönümlü manevrlərin artdığı müşahidə olunur. Açıq hiss olunmasa da gizli pərdəarxası oyunların getdiyi müşahidə edilir. Bu günlərdə 120 dövlətin iştirak etdiyi “Demokratiya sammiti”ndə Paşinyan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən imtina etdi. Tədbir Birləşmiş Ştatların təşəbbüsü ilə keçirildiyi üçün, bu, Vaşinqtona qarşı getmək idi. Daha sonra bəlli oldu ki, Ermənistan Ukraynaya qarşı istifadə olunan zərbə PUA-larının Rusiyaya daşınmasında fəal iştirak edir. Hesab edirəm ki, məhz bu, ABŞ-ın səbrini daşındıran bir siqnal idi. Maraqlıdır ki, məhz bundan sonra Ermənistan “Defender 23” hərbi təlimləri sırasından çıxarıldı. Həmçinin, bir neçə erməni şirkətinə sanksiya tətbiq olundu. Üstəlik, ABŞ Ermənistanla Rusiya arasında maliyyə axınlarını izləyir. Aydın məsələdir ki, 3 milyon əhalisi olan və zəif iqtisadiyyata malik Ermənistan bu qədər böyük dövriyyəyə malik ola bilməz. Bu yöndə bizim bilmədiyimiz o qədər məsələlər var ki, bunu Birləşmiş Ştatlar bilir. Məhz buna görə ki, ABŞ hərəkətə keçdi və Ermənistana öz yerini göstərdi. Bir sözlə, Paşinyanın ABŞ-a qarşı cığallığı ona baha başa gələcək”.
Vidadi ORDAHALLI