Məlum olduğu kimi, Azərbaycan ordusunun Naxçıvanda itkin düşən hərbçisi Hüseyn Axundov Ermənistan tərəfindən saxlanılıb. Ermənilərə məxsus sosial şəbəkə hesablarında azərbaycanlı əsgərin fotoları və videosu yayılıb. Əsgər H.Axundov ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb, qeyri-insani rəftarla üzləşib.
Həyasızlığın dərəcəsinə bax ki, erməni mediası Zəngəzur zavodundakı qətli əsgərimizin boynuna qoymağa çalışır. Erməni mediası gecə saatlarında Zəngəzurda – Ermənistanın Sünik mərzinin Qafan şəhəri yaxınlığındakı Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin naməlum şəxs tərəfindən 6 güllə ilə qətlə yetirilməsi haqda məlumat yayıb. Bundan az sonra sosial şəbəkələrdə və media resurslarında sözügedən qətlin guya həmin əsgər tərəfindən törədilməsi barədə uydurma məlumatlar yayılıb: “Gözətçini güllə ilə öldürüb, telefonunu götürüb qaçıblar. Səhər saatlarında Sünik qəsəbəsində Sisian ərazisinə keçmiş azərbaycanlı həbs edilib. Azərbaycanlının yanında güllə, maska və sursat olub. Onda zavodda öldürülmüş adamın telefon nömrəsi də var idi. Qətldən sonra cinayətkar Meliksetyanın telefonunu da götürüb özü ilə aparıb”.
Göründüyü kimi, erməni mediası alçaqcasına H.Axundovu azmış əsgər kimi yox, qatil əsgər kimi təqdim etmək üçün bəhanə axtarırlar. Bununla bağlı uydurma əsaslandırma aparıb ictimai rəyi buna kökləməyə çalışırlar. Bu qədər qondarma ittiham təsəvvür etmək çətindir. Əvvəla, həmin əsgər gözətçini öldürsəydi, telefonu götürməzdi. Məgər bilmirdi ki, telefen vasitəsi ilə onun yeri müəyyən ediləcək? Digər tərəfdən, belə bir şey olsaydı o zaman özünə mülki geyim tapardı. Əsgər paltarında niyə özünü ələ versin ki? Özü də Azərbaycan əsgəri formasında. Görünən odur ki, erməni mətbuatı telefonla bağlı məqamı qəsdən informasiyanın içində təqdim edir. Məqsəd odur ki, əsgərimiz ətrafında spekulyasiya qursun. Yəni, ictimai rəyi ona kökləyirlər ki, guya əsgər azaraq yox, diversiya məqsədi ilə Ermənistan ərazisinə daxil olub. Guya onun qətlə yetirilən şəxsin üzərindən telefonu məhz buna görə olub və s.
“Məgər qatil olan əsgər sərbəst şəkildə gəzər ki, onu tezliklə yaxalasınlar?”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, ermənilərin yolunu azaraq Ermənistana keçən əsgərimizlə bağlı belə uydurma ittihamlarla çıxış etməsi halı gözlənilən idi: “Ona görə gözlənilən idi ki, bu, birinci dəfə deyil baş verir. Bundan əvvəl də bənzər hallar olub. Hətta bizim mülki şəxsləri belə diversant kimi qələmə verirlər. Məsələn, 2014-cü ilin iyulunda Dilqəmlə Şahbaz Kəlbəcərdə girov götürüldü. Onların barəsində olmazın iftiralarla çıxış etdilər. İddia etdilər ki, guya həmin şəxslər mülki ermənini öldürüb. Ona görə də əsgər H.Axundov ətrafında qurulan şou, tpik erməni murdarlığının bir formasıdır. Məlum olduğu kimi, əsgərimizlə bağlı yayılan video böyük rezonans doğurub. Bir daha bəlli olur ki, bunlar necə vəhşi, barbardılar. Erməni mediası əsgərimizə verilən işgəncələrə “haqq” qazandırmaq üçün bu cür uydurmalar ortaya atıb. Məgər qatil olan əsgər sərbəst şəkildə gəzər? Sərbəst şəkildə gəzər ki, onu tezliklə yaxalasınlar? Bu, tamamilə gülünc iddiadır. Üstəlik, nəzərə almaq lazımdır ki, əsgərimizlə bağlı baş verənlər Laçın sərhəddində baş verən toqquşmalar fonunda cərayən edir. Ermənistan tərəfi heç bir məntiqə, insanlığa sığmayaraq yolunu azmış əsgərimizdən qisas alır. Özü də qeyri-insani formada. İşgəncələrə don geyindirmək üçün onu qatil kimi təqdim etməyə çalışırlar. Bu minvalla yolunu azmış əsgəri Azərbaycana təhvil verməkdən yayınmaq istəyirlər. Məqsəd həm də bundan ibarətdir. Başqa bir tərəfdən, Ermənistan çalışacaq ki, onu Azərbaycanda olan erməni diversantlarla dəyişsin”.
Vidadi ORDAHALLI