Televiziyaları Qərbi Azərbaycanla bağlı istədikləri qədər fakt və sübutlarla təmin edə bilərik.
Trend-in məlumatına görə, bunu Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zaman deyib.
O qeyd edib ki, hər kanal Qərbi Azərbaycanla bağlı eyni fakt və xəritələri göstərir.
“Eyni faktları təkrar-təkrar vermək tamaşaçıları yoracaq. Qərbi Azərbaycanla əlaqəli əlimizdə kifayət qədər fakt və sübutlar var. İcma bunu etmək gücündədir. 400-dən artıq mütəxəssisimiz var. Qərbi Azərbaycanla bağlı olan şəxslərin hamısı orada təmsil olunur. Təklif edərdim ki, televiziyalar fərqli verilişlər yaratsın və efirə də müxtəlif insanları dəvət etsinlər”, - deyə o əlavə edib.