“Təhrikedici hadisələr ölkənin inkişaf dinamikasını pozmağa yönəlib, bu mənə aydındır. Biz ölkənin inkişaf gündəliyinə diqqəti davam etdirməliyik, çünki bunsuz biz müdafiə məsələlərini həll edə bilməyəcəyik”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı”nda deyib.
Paşinyan öz təxəyyül düşüncələrindən çıxış edərək sübud etməyə çalışıb ki, guya Azərbaycan bu təxribatı törədib. Azərbaycan tərəfi guya "Ermənistanın inkişaf dinamikasını pozmaq" istəyir. Guya Ermənistan o qədər sürətlə inkişaf edirmiş ki, Azərbaycan bundan qorxuya düşərək təxribata əl atıb: “Bəli, dünən insident oldu, erməni tərəfi itki verdi, amma buna baxmayaraq, mən bunları bildirirəm - Azərbaycan tərəfinin ölənləri daha çox, böyük ehtimalla iki dəfə çoxdur, amma fərqi yoxdur. Bizim strateji vəzifəmiz ondan ibarətdir ki, biz birgəyaşayış formulunu tapmalıyıq, heç bir hadisə strateji hədəfimizi dəyişməyəcək”.
Bütün bunlar təxribatın arxasında Ermənistanın dayandığını pərdələmək üçün növbəti bir sxemdir.
“Ermənistan hakimiyyətinin sağlam inkişaf strategiyası olsaydı, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməzdi”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Paşinyan, hər zaman olduğu kimi, ikili oyun oynayır: “Paşinyanın strateji hədəfləri olsaydı, o, ötən 5 il ərzində müəyyən nəticələr əldə edərdi. Artıq 5 ildir hakimiyyətdədir. Bu 5 il ərzində hansı ciddi hədəflər orta qoyub ki, bir də Azərbaycan buna mane olsun? Paşinyan bir tərəfdən Qərblə yaxınlama kursu götürdüyünü göstərməyə çalışır. Məsələn, Avropa İttifaqının monitorinq missiyasını birtərəfli şəkildə Ermənistana gətirir. O biri tərəfdən Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasını təmin etmək üçün bütün qeyri-qanuni yollardan istifadə edir. Rusiyaya ixracı qadağan olunan məhsulları Ermənistan üzərindən ötürür. Budurmu inkişaf strategiyası? Nikol bəh-bəhlə dəvət olunduğu “Demokratiya sammitində” Ukraynanın ərazi bütövlüyünə dəstək verməkdən rəsmən imtina etdi. Ermənistan İran PUA-larının və digər silahların Rusiyaya ötürülməsində və bununla Ukraynada törədilən böyük dağıntılarda, dinc insanların qətlə yetirilməsində bilavasitə iştirak edir. Özü də Ermənistanda yerləşən və Rusiyaya məxsus “Erebuni” hərbi bazası vasitəsilə bu işlər görülür. Ermənistan hakimiyyətinin sağlam inkişaf strategiyası olsaydı, qonşuları olan Azərbaycan və Türkiyəyə yönəlik ərazi iddiaları ilə çıxış etməzdi. Əksinə, bu dövlətlərlə münasibətləri düzəldərdi və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh sazişi imzalayardı. Nəticədə Cənubi Qafqazda tamamilə yeni inkişaf mərhələsi başlayacaqdı. Bu da bütün region dövlətləri, o cümlədən, Ermənistanın inkişafına təkan vermiş olacaqdı. Ermənistan ordusu Laçınla sərhəddə qanlı təxribat törədir, o biri tərəfdən Paşinyan bunu ordudakı üçüncü qüvvənin üstünə atır. Ondan sonra utanmadan deyir ki, eskalasiyanı törədən tərəf Azərbaycandır. Bütün bunlar onu göstərir ki, Ermənistan öz təxribatlarını pərdələyir. Onlar elə hesab edirdilər ki, Avroittifaq bu dəfə onların tərəfində olacaq. Nəticədə baş verənlərə görə Azərbaycanı ittiham edəcək. Ancaq gözləntiləri tam fərqli oldu və Ermənistanın əsl siması ortaya çıxdı”.
Vidadi ORDAHALLI