Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Din və qlobal təhlükəsizlik” adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb.
Bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb: “İran rejimi dini ideologiya və siyasət adı altında təlqin etməyə çalışır, Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Bunun qarşısını almaq üçün geniş işlər görülüb və görülməkdədir”
Maraqlıdır, olmazdı ki, M.Qurbanlı bununla bağlı konkret adlar çəkəydi? Yəni bütün cəmiyyət görəydi ki, İranın kimləri təyin etmək cəhdləri ifasa uğrayıb. Cəmiyyət İran əlaltılarını niyə də konkret adla tanımasın?
“Açıq deməli idi ki, filankəslər ifşa olundu və yaxud da müxtəlif yollarla bu adamları məscidlərdə görəvə gətirməyə çalışdılar”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, DQİDK sədrinin bununla bağlı ümumi danışması yetərli deyil: “Əvvəla, biz illərdir bəyan edirik ki, İran ölkəmizdə öz casus şəbəkəsini qurub. Bu məsələdə də İran əsasən məscidlərdən istifadə edir. Daha konkret desək, məscidlərdə inanclı insanların sadəlövlüyündən istifadə edərək öz adamlarını yerləşdirir. Nəticədə məscidlərdə mollalar hesabına böyük bir şəbəkə qurub. Adicə yas mərasimlərində mollaların moizələrinə diqqət edəndə görürük ki, İranpərəst mövqe sərgiləyirlər. Təkcə bunun özü bir sıra məsələlərdən xəbər verir. Aydın idi ki, məscidlərdə proses gedir və İran bundan bir çətir kimi öz məqsədlərini həyata keçirmək üçün istifadə edir. Bununla bağlı biz Mübariz Qurbanlıya da, Allahşükür Paşazadəyə də müraciət etmişik. Əfsuslar olsun ki, zamanında daha çevik və adekvat addımlar atılmayıb. İndi nəhayət ki, sözügedən məsələlərlə bağlı açıq mövqe ortaya qoyurlar. Ancaq M.Qurbanlı ümumi danışaraq konkret bir şey demir. Baxmayaraq ki, sözügedən sahə ilə əlaqədar çox önəmli bir quruma rəhbərlik edir. Bu baxımdan hesab edirəm ki, DQİDK sədri açıq mövqe ortaya qoymalı və konkret adlar çəkməlidir. Açıq deməli idi ki, filankəslər ifşa olundu və yaxud da müxtəlif yollarla bu adamları məscidlərdə görəvə gətirməyə çalışdılar. İndinin özündə də müəyyən ciddi proseslər gedir. Dövlət Təhlükəsizliyi Komitəsi bu məsələlərin üzərində çox ciddi işləyir. Təkcə məscidlərdə deyil, degər yerlərdə də İranın casus şəbəkəsi ifşa olunur. Hesab edirəm ki, bu proses davam etməli və digər casuslar da ifşa olunmalıdır. Təbii ki, cəmiyyətdə ayrı-ayrı kəsimlər var və İran bunları ələ alıb. Onlar da müxtəlif yollarla bu işə mane olmağa çalışırlar. Görülən tədbir gözdən salırlar və belə saxta rəy yaradırlar ki, guya Azərbaycanda inanclı kəsim təqib olunur. Bütün bunların hamısı əsas hədəflərdən diqqəti yayındırmağa hesablanıb. Ona görə də M.Qurbanlı ümumi danışmaqdansa nəhayət ortaya konkret mövqe qoymalıdır. Bu isə o deməkdir ki, o, konkret adlar çəkməlidir və bundan qorxmamalıdır. Yalnız o zaman verilən açıqlamalar effektli olacaq”.
Vidadi ORDAHALLI