Nikol Paşinyan İranın pilotsuz uçan aparatlarının istifadəsi ilə bağlı Azərbaycanın yaydığı məlumatın, güya məqsədli dezinformasiya olduğunu deyib:
“Məqsəd budur, bax, deyirlər Avropa İttifaqı, Ermənistana müşahidəçi göndərdiniz, onlar isə Aİ ilə problemi olan və Azərbaycanla aralarında gərgin vəziyyətin hökm sürdüyü bir ölkənin silahından istifadə edir. Biz informasiya hücumlarına cavab vermək üçün institusional vasitələri gücləndirməliyik. Bu, demokratiyamıza xələl gətirmədən edilməlidir”.
Paşinyan demək istəyir ki, güya Azərbaycan bu üsulla Ermənistanla Avropanın arasını vurmaq istəyir.
Halbuki, Ermənistanın İran dronlarını öz üzərindən Rusiyaya göndərdiyi və onlardan Ukrayna müharibəsində istifadə olunduğuna dair kifayət qədər faktlar mövcuddur və bundan Avropanın da məlumatı var. Belə olan təqdirdə, Azərbaycana belə “dezinformasiya” uydurmaq lazımdırmı?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın ABŞ-ın sanksiyalarından yayınmaq üçün Ermənistan ərazisindən istifadə etməsi uzun müddətdir müzakirə olunur: “İrandan alınan dronların əvvəl Ermənistana, oradakı rus hərbi bazasından da Ukraynaya və ya Belarusa daşınması ehtimal olunur.
Ermənistan - İran sərhədi rus sərhədçilərinin nəzarətində olduğu üçün İran dronlarını Ermənistan ərazisindən istifadə etməklə rus hərbçilərinə təhvil verilmə ehtimalı şübhə doğurmur.
Sanksiyalar səbəbindən Rusiyada dron istehsalında ciddi problemlər yaranıb.
Rusiya tərəfi məhz ABŞ-ın bu reaktiv raket sistemlərini məhv etmək üçün İranın kamikadze dronlarını almaq istədiyini açıq bəyan edib. ABŞ prezidenti Baydenin müşaviri Sullivan rus hərbçilərinin iyulun ortalarından etibarən İranda dron təlimi keçəcəklərini bildirmişdi. İranın pilotsuz uçuş aparatları hissə-hissə, ehtiyat hissələri şəklində də göndərilə bilər. Rəsmi Tehranın dünya ictimaiyyətinin qəzəbinə tuş gəlməmək üçün bu yolu seçməsi daha inandırıcı görünür.
Dronların Ermənistana və oradan yük təyyarələrilə Rusiyaya göndərilməsi halları olub. Çünki İran dronlarının Rusiyaya daşınmasının ən uyğun yolu məhz Ermənistan üzərindən keçir”.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Krımda dislokasiya olunmuş Rusiya hərbçiləri Ukrayna ərazisinə, paytaxt Kiyevə zərbə endirmək üçün İran istehsalı olan PUA-lardan istifadə ediblər.
Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiyanın İrandan müasir silah və raketlər ala biləcəyindən narahatdır.
Pentaqonun spikeri general Patrik Rayder brifinqdə deyib ki, İran rejiminin Ukraynaya zərbələr endirmək üçün ruslara təhvil verdiyi döyüş PUA-larının sayı yüzlərlədir.
O qeyd edib ki, Rusiya əlavə döyüş sistemləri əldə etməyin yollarını axtarmaqda davam edir.
Pentaqonun sözçüsü İran və Rusiya arasında qarşılıqlı fəaliyyətdən də narahatlığını dilə gətirib. Onun sözlərinə görə, onlar “terror ixracını davam etdirirlər və bu sistemlərdən qeyri-hərbi hədəflərə, o cümlədən mülki şəxslərə hücum etmək üçün istifadə edirlər.
Bütün bu silahların İrandan Rusiyaya əsas daşınma marşrutu Ermənistan üzərindəndirsə və bunu Avropa, ABŞ bilirsə, onda Paşinyan nədən özündən yeni fərziyyələr uydurur?
Məhəmmədəli QƏRİBLİ