Azərbaycanın öz dövlət sərhədlərini bərpa etməsi prosesinə başlaması Ermənistanda ciddi narahatlıqlar yaradıb. Neçə il idi ki, Ermənistanla sərhəd rayonlarımızın ərazilərini qanunsuz yollarla ermənilər öz ərazilərinə qatır, burada qanunsuz yollarla tikinti həyata keçirir, evlər salır, insanların məskunlaşmasını təmin edirdilər. Bu gün isə Azərbaycan öz dövlət sərhədlərini bərpa edərək düşmənin qanunsuz əməllərinə son qoyur.
Azərbaycanın bu haqlı addımından narahat olanlardan biri də Ermənistan insan hüquqları müdafiəçisi (ombudsman) Arman Tatoyandır . O bildirib ki, Ermənistanın dövlət sərhədlərinin təhlükəsizliyi də təhlükə altındadır. Belə ki, Ombudsman Aparatının nümayəndələri ilə üç günlük Sünik bölgəsində səfərdə olub. Bundan kifayətlənməyən ombudsman bildirib ki, Gorus, Şurnux , Vorotan, Kapan, Mehri və digər icmalara səfərləri nəzərdə tutulur. Bu adam unudur ki, Vorotan və Şurnux Azərbaycan ərazisidir və artıq rəsmən bizim ərazimiz olaraq xəritələrdə yer alıb. O, iddia edib ki, bir gün əvvəl Gorus, Vorotan və Şurnuxa edilən səfərlər GPS və ya “Google” xəritələrinin mexaniki istifadəsi nəticəsində “Ermənistanın sərhəd icmalarının sakinlərinin həyat və təhlükəsizliyi, fiziki və psixoloji bütövlüyü, eləcə də başqaları üçün ciddi təhdidlər yaradıldığını təsdiqləyir”.
“Ermənistanın dövlət sərhədlərinin təhlükəsizliyi də təhlükə altındadır. Xüsusilə bu prinsipin mexaniki tətbiqi sayəsində, məsələn, Gorus, Vorotan, Şurnux və digər yaşayış məntəqələrini birləşdirən yolların müxtəlif hissələri Azərbaycanın nəzarətinə keçdi və bununla da mülki şəxslərin hərəkətini dərhal təhlükə altına aldı” - deyə o qeyd edib.
Akif Nağı: “Azərbaycanın öz dövlət sərhədlərini bərpa etməsi Ermənistanda elə xof yaradıb ki, hətta ombudsman da işini-gücünü atıb, özünə aid olmayan işlərə qarışır”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, uzun müddət arxayınçılıq içində olan Ermənistan 44 günlük müharibədən sonra xof içindədir, Azərbaycanın atdığı hər bir addım onları xoflandırır, əndişələndirir: “Hazırda Ermənistanda çox böyük xof, təlaş vəziyyəti yaranıb. Onlar çox arxayınlaşmışdılar ki, Azərbaycanın torpaqlarını zəbt edəcəklər, dünya da bunu “tanıyacaq” və sair. Ermənistanın bu arxayınçılığına son verilib və proses geriyə başlayıb. Onlar görürlər ki, bu proses nəticəsində işğal etdikləri Azərbaycan əraziləri artıq öz sahibinə qaytarılır. Bu torpaqlar Azərbaycan torpaqlarıdır və Azərbaycanın haqqı var ki, bu ərazilərdə suverenliyini bərpa etsin. Zəngəzur Azərbaycan torpağıdır. 1921-ci ildə qanunsuz şəkildə ermənilərə verilib. Hüquqi baxımdan da biz bunu dəfələrlə əsaslandırmışıq. Eyni zamanda da digər ərazilərimiz sonradan ermənilərə verilib. İrəvanın özü 1918-ci il may ayının 29-da tam qanunsuz şəkildə Ermənistana verilib. 1918-ci ildə Milli Şuranın qərarı ilə İrəvan şəhəri və onun ətrafı ermənilərin ixtiyarına verilib. Bu da qanunsuz qərardır. Çünki hər hansı bir şəhərin, ərazinin, torpağın güzəştə gedilməsi ümumxalq səsverməsi ilə həyata keçirilə bilər, amma bu, həyata keçirilməyib. Ona görə qanunsuzdur. Ermənilərdə adətdir, özlərinə aid olmayan işlərə qarışırlar. Azərbaycanın öz dövlət sərhədlərini bərpa etməsi Ermənistanda elə xof yaradıb ki, hətta ombudsman da işini-gücünü atıb, özünə aid olmayan işlərə qarışır. Erməni ombudsmanın o qədər işi var ki. Sərhəd kəndləri, rayonları gəzib yalançı hay-küy salmaqdansa, Ermənistanda insan haqları pozulur, hökuməti tənqid edən, hökumətdən narazı qalan vətəndaşlar təqib olunur, həbs edilir, ombudsman gedib bu işlərlə məşğul olsun. O, Ermənistandakı insan haqları ilə bağlı problemləri diqqətdə saxlasa, daha yaxşı olar, çünki onun sahəsi bu işdir. Ermənistanda çoxu, o cümlədən də ombudsman özünü “vətənpərvər” kimi göstərməyə çalışır, ona görə də bu cür mənasız açıqlamalarla gündəmə gəlirlər. Bunun heç bir əhəmiyyəti, mənası yoxdur, Azərbaycan heç kəsə əhəmiyyət vermədən qanuni şəkildə öz addımlarını atır, məqsədlərini həyata keçirir, tarixi sərhədlərini bərpa edir. Beynəlxalq birlik də buna heç bir etiraz etmir, çünki Azərbaycan öz ərazisinin tamlığını, sərhədlərini bərpa edir. Ondan da irəli gedəcək, bundan sonra bir az da irəli, önə getməlidir” - deyə A.Nağı vurğuladı.
Qasım Hacıyev: “Qanunsuz yolla zəbt edib öz ərazilərinə qatdıqları torpaqlar əllərindən çıxır”
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev baki-xeber.com-a şərhində qeyd etdi ki, doğrudan da son vaxtlar Ermənistanda ciddi xof, əndişə müşahidə edilir. “Bu ölkəyə diqqət yetirən hər bir insan görür ki, orada nə qədər pərakəndəlik, nə qədər özbaşnalıqdır. Tarixi araşdırmalar da göstərir ki, bütün xalqların tarixində şəxsiyyətlər tarixi gedişə təsir edib, müsbət və mənfi mənada dövlət idarəçiliyində öz izlərini qoyublar. Ermənistana rəhbərlik edənlər öz işğalçılıq siyasətləri ilə bu dövləti məhv etdilər. Qarabağ torpaqlarını işğal etməklə onlar bizim ərazilərimizi qanunsuz olaraq mənimsəmişdilər, amma artıq torpaqlarımız özümüzə qayıdıb, sərhədlərimiz bərpa olunur. Ermənistanda bircə ombudsman qalmışdı ki, sərhəd məsələsinə qarışmasın, o da qarışdı. Azərbaycanın Ermənistanın torpağında işi yoxdur, öz torpaqlarını qaytarıb sərhədlərini bərpa edir. Bu da Ermənistanda narahatlıq yaradır, çünki qanunsuz yolla zəbt edərək öz ərazilərinə qatdıqları torpaqlar əllərindən çıxır. Odur ki, naşı ombudsman da bu cür əl-ayağa düşür, Ermənistanın “dövlət sərhədlərinin təhlükəsizliyi təhlükə altındadır” iddiasını irəli sürür. Heç o bilir ki, XX əsrin əvvəllərinə qədər Cənubi Qafqazda Ermənistan adlı dövlət olmayıb, bu dövlət Azərbaycan torpaqlarında qurulub.
Erməni ombudsman gedib Ermənistanda insan hüquqlarının pozulmasının qayğısına qalsın” - deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA