“Məndə olan məlumata görə, Nikol Paşinyanın nümayəndələri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması müqabilində imzalanacaq sənədlər paketini müzakirə edir”.
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikail Minasyan Teleqram səhifəsində yazıb. Onun fikrincə, paketdə bir sıra məsələlər öz əksini tapıb:
“Paketdə Ermənistanın antitürk siyasəti yürütməmək, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının təşviqindən imtina etmək, diasporu “soyqırımı” tanımağa yönəlmiş hərəkətlərdən tamamilə uzaqlaşdırmaq, ərazi iddialarından əl çəkmək barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək öhdəlikləri yer alır. Həmçinin, güzəştlər paketi "erməni məsələsi”ni öyrənmək üçün tarixçilərdən ibarət bir komissiyanın yaradılmasını da əhatə edir”.
Belə məlum olur ki, paketin qarşılığında Ermənistan həm qondarma genosid, həm də ərazi iddialarından imtina edəcək.
Maraqlıdır, Minasiyanın iddiaları nə dərəcədə realdır?
“Türkiyə ilə sərhədlər açıla bilər”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, bu deyilənlər o qədər də real görünmür: “Əvvəla, Minasyan qatı anti-Paşinyan mövqedən çıxış edən və “Qarabağ klanı” ilə çox yaxın olan bir siyasətçidir. Bundan əvvəl də o, Paşinyanla bağlı bir sıra sensasiya xarakterli fikirlər səsləndirib. O baxımdan, deyilənlərin həqiqət olmasını demək çətindir. Nəzərə almaq lazımdır ki, qondarma “erməni soyqırımı” məsələsindən xəstə erməni cəmiyyəti hələm-hələm imtina etməz. Çünki onlar bunun üstündə siyasət quraraq bir sıra əraziləri ələ keçirib yoxdan Ermənistan yaradıblar. Ona görə də bundan imtina bir qədər real görünmür. Ancaq Türkiyə ilə sərhədlər açıla bilər. Bunun müqabilində Ermənistan ərazi iddialarından əl çəkəcək. Fikrimcə, Paşinyandan olsa, qondarma “soyqırım” məsələsindən imtina edər, amma o indiki məqamda buna getməyə cəsarət etməz. Çünki məlum səbəblərdən ölkədə vəziyyət çox gərgindir”.
Ekspert hesab edir ki, Ermənistan cəmiyyəti özündə cəsarət tapıb buna getsə, bu onların xeyrinə olacaq.
Vidadi ORDAHALLI