Hərbi əməliyyatların dayandırılmasından sonra Dağlıq Qarabağdan məzuniyyət üçün Ermənistana qaytarılan əsgərlərdən bir qrupuna yenidən bu ərazilərə qaytarılacaqları haqda xəbərdarlıq edilib. Nəticədə onların valideynləri etiraz olaraq İrəvanda Hərbi İnstitutun qarşısında etiraz aksiyası keçirib və yolu bağlayıblar.
Erməni KİV-nin verdiyi məlumata görə, institutun qarşısına toplaşan onlarla valideyn övladlarının xidmətə Ermənistanda davam etməsinin təmin olunmasını tələb edib və onların yenidən Dağlıq Qarabağa qaytarılmasına yol verməyəcəklərini deyiblər:
“Bizə həmin gün sözbəsöz belə demişdilər ki, Rusiya və Azərbaycan əsgərlərimizi Qarabağda xidmət etməyə buraxmır. Biz dedik ki, yaxşı, qoy püşkatma keçirilsin və uşaqlar Ermənistanda xidmət etsinlər. İndi isə deyirlər ki, yox, onlar yenidən Qarabağa qayıtmalıdır. Uşaqlardan heç biri bunu istəmir və biz də buna yol verməyəcəyik”.
Ermənistanın yenidən çağırışçıları və əsgərləri Qarabağa xidmətə göndərməsi bu ölkənin təslim olması ilə nəticələnən müharibənin yekunlarına, habelə 10 noyabr üçtərəfli razılaşmasının məntiqinə tamamilə ziddir. Azərbaycan tərəfi Dağlıq Qarabağdan erməni silahlı birləşmələrinin qalıqlarının Ermənistana geri çəkilməsi və qalanlarının (yerli ermənilərdən ibarət birləşmələr) tərksilah edilməsi tələbini qoyub.
Ermənilərin yenidən Qarabağa ordu birləşmələrini göndərmək cəhdini necə dəyərləndirmək olar?
“Bütün bu aşkar dəlillər Ermənistanın təxribatçı əməllərindən əl çəkmədiyinə daha bir sübutdur”
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əldə olunan üçtərəfli razılaşmadan sonra biz Ermənistanın şərtləri pozduğunun şahidi oluruq: “Xüsusilə də hərbi sahədə bu təxribatlar daha intensiv hal almağa başlayıb. Biz Hadrut və Xocavənd ətrafında bir neçə dəfə analoji təxribatların şahidi olduq. Azərbaycan tərəfi hətta 62 nəfər diversantın əsir görürüldyünü təsdiq edən açıqlama ilə çıxış edib. Həmin vaxt Ermənistan da təxribatların olduğunu təsdiqlədi. Ancaq bir bəhanə edir ki, güya həmin hərbi qruplar onlara da tabe olmur. Bundan sonra biz Ermənistan rəsmilərinin Qarabağa icazəsiz səfərlərini və digər təxribatlarını müşahidə edirik. Hətta məlum olur ki, Ermənistan yenidən öz hərbçilərini Qarabağa göndərməyə hazırlaşır və valideynlər buna açıq etiraz edirlər. Bütün bu aşkar dəlillər Ermənistanın təxribatçı əməllərindən əl çəkmədiyinə daha bir sübutdur. Cənab Prezident son çıxışında Ermənistana bir daha xəbərdarlıq etdi ki, təxribatlardan əl çəkməsələr yenə dərslərini alacaqlar. Biz 44 gün ərzində erməni ordusunun başını əzdik. Onlar uzun illər boyu özünə gələ bilməyəcək. Əgər yenidən başlarından yumruq zərbəsi almaq istəmirlərsə, bu cür addımlardan çəkinməlidirlər”.
Ekspertin sözlərinə görə, burada ciddi məqamlardan biri də Ermənistanın rus sülhməramlılarına arxayın olaraq bu addımları atmaq istəkləri ilə bağlıdır: “Təbiidir ki, onlar həmin hərbçiləri Laçın dəhlizi vasitəsilə Qarabağa keçirə biləcəklərinə əmin olmasalar bu addımları atmazlar. Bu baxımdan da, sülhməramlılar öz səlahiyyətlərini aşan hərəkətlərə son qoymalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ