“Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda orada şişirtmələr də olur. Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır”.
Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, bütün yersiz xərclərə son qoyulmalıdır: “Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər”.
Görünən odur ki, büdcə xərclərinin istifadəsi zamanı bu kimi neqativ hallar hələ də mövcuddur. O üzdən, yeni mexanizmlərin tapılması vasitəsilə belə xoşagəlməz halların qarşısı alınmalıdır.
O baxımdan maraqlıdır, sözügedən xoşagəlməz halların qarşısını almaq üçün bu sahədə nə kimi əlavə nəzarət mexanizmlərinin tətbiqi mümkündür?
“Dövlət qurumları satınalmalarla bağlı hər bir məlumatı elektron qaydada təqdim etməlidir”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, belə halların qrşısını almaq üçün kənardan nəzarət mexanizmləri işə salınmalıdır: “Kənar nəzarət mexanizmləri dünya praktikasında tətbiq edilən metodlardan biridir. Azərbaycanda da büdcə xərclərinin şəffaf xərclənməsinə nəzarəti təmin etmək üçün bu kimi vasitələrdən istifadə olunmasına ehtiyac var. Dövlət satınalmalarında yerli istehsala önəm verilməlidir. O cümlədən, təbii ki, xərclərin şişirdilməsinin qarşısını almaq məqsədilə kənar nəzarətin gücləndirilməsi vacibdir. Bunun üçün dövlət qurumlarının elektron xidmətlərdən daha çox istifadə etməsinə ehtiyac var. Aldıqları mal və xidmətlərlə bağlı məlumatları elektron formada təqdim etmələri vacibdir. Dövlət qurumları satınalmalarla bağlı hər bir məlumatı elektron qaydada təqdim etməlidir. Həmin məlumatların dövlət qurumlarının internet səhifələrində yerləşdirilməsi çox vacibdir. Eyni zamanda, dövlət qurumlarında ictimai şuraların yaradılması və bu prosesin sürətləndirilməsi də məqsədəuyğundur. Hər bir dövlət qurumunda ictimai şura fəaliyyət göstərərsə, bu artıq kənar nəzarətin formalaşmasına imkan yaradacaq. Bu da imkan verəcək ki, vətəndaş cəmiyyəti institutları həmin şuralar vasitəsilə dövlət qurumlarının fəaliyyətinə nəzarəti həyata keçirə bilsinlər”.
Millət vəkili onu da qeyd etdi ki, bu il büdcə xərclərinin səmərəli xərclənməsinə nəzarət prioritet olacaq.
Vidadi ORDAHALLI