Ermənistan Xarici İşlər Nazirliyinin saytında bu ölkəyə giriş üçün viza tələb olunmayan ölkələr sırasında Azərbaycan da yer alıb. Ermənistan XİN-in bu addımı hər iki ölkədə şok effekti doğurub və əksəriyyət bunu gözlənilməz hesab edir. Çox güman ki, Azərbaycan vətəndaşlarının Ermənistana vizasız getməsinə icazə verən düzəlişlərin iki önəmli səbəbi var. Bu da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli bəyanatdan yaranan öhdəliklərdir.
10 noyabr razılaşmasına əsasən, Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizi açılacaq. Həmin dəhlizlə hərəkət edən Azərbaycan vətəndaşlarına heç bir halda viza rejimi tətbiq oluna bilməz.
İkinci səbəb isə odur ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı sayılacaq və onların Ermənistana problemsiz gedib-gəlməsi rəsmi İrəvanın maraqlarına uyğundur.
Müşahidəçilər Ermənistan XİN-in düzəlişlərini həm də Nikol Paşinyan hakimiyyətinin regional əməkdaşlığa hazır olmasını gündəmə gətirməsi kimi qiymətləndirir. Baş nazir bu yolla məğlub imicini regional əməkdaşlıq fonunda Ermənistan üçün yeni imkanlar açmaqla kompensasiya etmək istəyir.
Bəs müstəqil ekspertlərin bu məsələ ilə bağlı rəyi necədir?
“Ermənistan Qarabağın erməni əhalisinin bu ölkəyə girişinə dair legitim hüquqi əsaslar formalaşdırır”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan Xarici İşlər Nazirliyinin saytındakı vizasız səfərə icazə verilən xarici ölkələr siyahısına Azərbaycanın da adının əlavə olunmasını Ermənistanın Qarabağda yaşayan ermənilərə Azərbaycan pasportlarının verilməsinə hazırlığı kimi qəbul etməliyik: “Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni vətəndaşlara Azərbaycan pasportlarının veriləcəyini qaçılmaz, məntiqi reallıq kimi qəbul edir. Baxmayaraq ki, iku ölkə arasında diplomatik münasibətlər qurulmayıb, ölkələr arasında qarşılıqlı səyahətin tənzimləməsinə dair heç bir beynəlxalq müqavilə imzalanmayıb.
Üzərində şəxsiyyətini təsdiq edən bütün müvafiq sənədlər olan Azərbaycan vətəndaşlarının Ermənistana girişinə maneəsiz icazə verilməsi Qarabağın erməni əhalisinin bu ölkəyə girişinə legitim hüquqi əsaslar formalaşdırmaqdır. Bu, həmçinin, Ermənistan hakimiyyətinin müharibədən sonra yaranmış reallıqdakı yeni imkanlardan faydalanmaq məqsədilə Azərbaycana münasibətdə bir jest kimi qəbul edilməlidir”.
Politoloqun sölərinə görə, XİN-in rəsmi saytındakı yenilik erməni cəmiyyətində ona görə birmənalı qarşlanmayıb ki, bu ölkədə cəmiyyət hələ də reallığı qəbul etməyən populist parlamentarilərin, siyasətçilərin, mövcud narazılıqdan istifadə edib hakimiyyətə gəlmək istəyən müxalifətin revaşist fikirlərinin hallandığı nağılları dinləyir: “Belə fikirlərə Qarabağdakı sülhməramlıların müdafiə etdiyi bir sıra şəxslərin səsləndiriyi “bölğədəki erməni əhalisinə üçüncü bir dövlətin pasportunun paylanılacağı” kimi təxribatçı mesajlarında da rast gəlirik. Reallıq isə ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər də orda qalıb yaşayacağı təqdirdə Azərbaycanın digər vətəndaşları kimi Azərbaycan pasportları daşıyacaqlar”.
Ekspertin sözlərinə görə, Ermənistanın yeni reallıqları qəbul etmək və bundan sonrakı mövcudluğunu Azərbaycanın regionda formalaşdırdığı şərtlər altında davam etməkdən başqa çıxış yolu yoxdur.
Məhəmmədəli QƏRİBLİ