Prezident Naxçıvan dəhlizinin Ermənistana heç bir aidiyyətinin olmayacağını açıqladı - "hadisələri qabaqlamayaq"...

Ramil Hüseynov: “Bəlli oldu ki, 10 noyabrda əldə olunan razılaşmada nəzərdə tutulan bütün məsələlər həyata keçiriləcək”

img

“Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, sözügedən məsələ ilə bağlı Rusiya ilə danışıqlar gedir, bunun Ermənistana heç bir aidiyyəti olmayacaq: “Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək.

Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək”.

Göründüyü kimi, bu istiqamətdə konkret işlər gedir və hansısa spekulyasiya xarakterli mülahizələrdən söhbət gedə bilməz. Çünki bir müddət əvvəl diletant mövqedən çıxış edən bəzi radikallar iddia edirdilər ki, guya Ermənistan buna imkan verməz və s. Ancaq Prezident məlum açıqlaması ilə bütün bu deyilənlərə nöqtə qoydu.

  • “Ermənistanda hətta revanşist qüvvələr hakimiyyətə gəlsə belə, Naxçıvan dəhlizinə mane ola bilməyəcəklər”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvan dəhlizi ilə bağlı açıqlaması çox mühüm əhəmiyyət kəsb edir: “Prezident bəyan etdi ki, sözügedən məsələ mütləq öz həllini tapacaq və hər şeyin öz vaxtı var. Bu isə o deməkdir ki, Ermənistan heç vaxt bunu əngəlləyə bilməyəcək. Çünki burda əsas tərəf Rusiyadır və Kreml bunda maraqlıdır. Bir ara radikallar bəyan edirdilər ki, guya Naxçıvan dəhlizi məsələsi gündəmdən çıxıb. Bəzi erməni media orqanları da həqiqətə uyğun olmayan məlumatlar yayaraq ictimaiyyəti çaşdırmaq istəyirdilər. Ancaq bəlli oldu ki, 10 noyabrda əldə olunan razılaşmada nəzərdə tutulan bütün məsələlər həyata keçiriləcək. O cümlədən, Mehri dəhlizi də işə düşəcək. Hesab edirəm ki, Ermənistanda hətta revanşist qüvvələr hakimiyyətə gəlsə belə, Naxçıvan dəhlizinə mane ola bilməyəcəklər. Çünki bununla bağlı aparılan danışıqlarda tərəf Ermənistan yox, Rusiyadır. O baxımdan, Prezidentin səsləndirdiyi fikirlər çox böyük əhəmiyyətə malikdir”.

Siyasi ekspert onu da qeyd etdi ki, Azərbaycan qalib tərəf olduğu üçün proseslər ölkəmizin xeyrinə inkişaf edir.

Vidadi ORDAHALLI

Son xəbərlər