“Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.
Ölkə başçısının fikrincə, vaxtilə ermənilər belə bir fürsəti azərbaycanlılara vermədilər: “Məşhur Şurnux kəndi var ki, ermənilər bizim torpaqlarımızda yaşayıblar, indi onlar oradan çıxarılıb. Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub həlak oldular. Onlar bizə vaxt verdilər?”.
Göründüyü kimi, Azərbaycan humanitar xarakterli məsələlərdə hər zaman humanist mövqedən çıxış edib. Ermənilər isə bu kimi məsələlərdə, əksinə olaraq, daha da amansız mövqe ortaya qoyublar.
“Murov silsiləsi bizim nəzarətimizdə olmasaydı, erməni cəlladları 60 minlik Kəlbəcər əhalisini qıracaqdılar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bütün bunlar ermənilərin murdar xislətindən irəli gəlir: “Ölkə başçısının məlum müqayisəsi tamamilə reallığı əks etdirir. Qarabağ müharibəsində heç vaxt ermənilər dinc azərbaycanlılara fürsət verməyiblər. Dinc insanların ərazini tərk etmələri üçün humanitar dəhliz açmayıblar. 1992-ci ildə erməni silahlı qüvvələri Xocalıda dinc insanları soyqırıma məruz qoydular. Yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirildi. Bir çoxu girov götürüldü. Halbuki, ermənilərin Ağdam istiqamətində humanitar dəhliz açmaq imkanları var idi. Ancaq onlar azərbaycanlıların gözünü qırmaqdan ötrü məqsədyönlü şəkildə bunu etdilər. 1993-cü ildə Kəlbəcər işğal olunanda ikinci Xocalı soyqırımını törətmək istəyirdilər. Rayon 3 tərəfdən mühasirəyə alınmışdı. Murov silsiləsi bizim nəzarətimizdə olmasaydı, erməni cəlladları 60 minlik Kəlbəcər əhalisini qıracaqdılar. Çox böyük çətinliklərlə əhali Ömər aşırımını keçərək ancaq öz canını xilas etdi. Bütün mal-mülkləri ermənilərə qaldı. Ermənilər o qədər vəhşidirlər ki, hətta mülki insanları Kəlbəcərdən çıxaran helikopterləri belə atəşə tuturdular. Ancaq Azərbaycan humanist mövqedən çıxış edərək Kəlbəcər geri qaytarılan zaman Ermənistana əlavə olaraq 10 gün vaxt verdi”.
AMİP funksioneri hesab edir ki, dünya ictimaiyyəti Azərbaycanın göstərdiyi bu humanistliyi dəyərləndirməlidir.
Vidadi ORDAHALLI