Atəşkəsdən sonra Qarabağa erməni terrorçularının hansı marşrutla sızdırıldıqları Azərbaycana tam məlumdur - Prezident düşməni ifşa etdi...

İbrahim Rüstəmli: “Bu o deməkdir ki, Ermənistan dövlətinin bu işdə rolu olub”

img

“Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, Ermənistan rəhbərliyi qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir: “Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

Bəlli olur ki, həmin terrorçu qüvvələr müharibə bitəndən sonra məhz Ermənistandan ora göndərilib. Bu isə çox ciddi faktdır. Nəzərə alsaq ki, 10 noyabrda tərəflər arasında razılaşma əldə edilib, o zaman sözügedən silahlı qruplaşmanın orada nə işi vardı?

  • “Gərək rus sülhməramlıları da buna imkan verməyəydilər

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, sözügedən məsələdə əsas məsuliyyət Ermənistanın üzərinə düşür: “Ona görə ki, ortada razılaşma var. Razılaşma olduğu halda həmin silahlı qruplaşma hansı əsasla Şirak rayonundan Qarabağa göndərilib? Yeri gəlmişkən onu da qeyd edim ki, həmin silahlı qruplaşmada təmsil olunan şəxslərin valideynləri Şirak rayonunda etiraz aksiyası da keçiriblər. Bu isə o deməkdir ki, Ermənistan dövlətinin bu işdə rolu olub. Məsələnin digət tərəfi ondan ibarətdir ki, Ermənistan bu gün siyasi böhran içindədir. Ölkə hakimiyyəti dövlət strukturlarına tam nəzarət edə bilmir. Ola bilsin ki, revanşist qüvvələrin təxribatı nəticəsində qanunsuz silahlı qruplar Azərbaycan ərazisinə sızıblar. Ancaq bu belə Paşinyan hakimiyyətinə bəraət qazandırmır. Belə idisə, o zaman Ermənistanda bu təxribatı törədənlərə qarşı niyə indiyə qədər ölçü götürülməyib? Deməli, hakimiyyətin bütün bunlardan xəbəri olub. Başqa bir tərəfdən, qanunsuz silahlı birləşmələrin sızmasında Rusiya sülhməramlıları da məsuliyyət daşıyırlar. Rusiya sülhməramlıları noyabrın 10-dan fəaliyyətdədirlər. Həmin qanunsuz birləşmələr 26 noyabrdan sonra Azərbaycana daxil olublar. Gərək rus sülhməramlıları da buna imkan verməyəydilər. Bütün hallarda, tərəflər öz məsuliyyətini dərk etməlidirlər. Çünki Azərbaycan bu məsələdə son dərəcə prinsipial mövqedən çıxış edir. Yəni belə hallar təkrarlanarsa, o zaman daha sərt tədbirlər görüləcək”.

Hərbi ekspert hesab edir ki, baş verə biləcək bu cür hallarla bağlı Silahlı Qüvvələrimiz son dərəcə ayıq-sayıq olmalıdır.

Vidadi ORDAHALLI

Son xəbərlər