Məlum olduğu kimi, Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirə keçirilib. Ölkə başçısı həmin müşavirədə geniş nitqlə çıxış edib. Prezident çıxışında noyabrın 10-da imzalanan Bəyanatla bağlı bəzi detallara bir daha aydınlıq gətirib:
“…Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki, noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik. Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu yoxdur. Amma biz yenə də imkan veririk. Bu bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa hər hansı bir digər sənəd imzalanmayıb”.
Göründüyü kimi, Prezident 10 noyabrda barəsində xalqa ətraflı məlumat verilən sənəddən başqa hansısa ikinci bir razılaşmanın əldə olunmadığını bildirib. Qeyd edək ki, istər Ermənistanın ictimai rəyində, istərsə də bizim radikal dairələrdə güya noyabrın 10-da ikinci bir gizli sənədin də imzalandığı iddia edilirdi. Ölkə başçısının bu məsələyə açıq şəkildə aydınlıq gətirməsi həmin dairələrə verilən aydın cavab nümunəsi sayıla bilərmi?
“Bütün bu dedi-qoduları hər iki ölkədə müxalif dairələr ortaya atır”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, 10 noyabr tarixində Rusiya və Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli bəyanat imzalandı: “Azərbaycan Prezidenti bunu canlı olaraq xalqın qarşısında etdi. Dəfələrlə bu barədə çıxış edərək, Ermənistan baş nazirinə müraciət etdi ki, açıq desin görək, o həmin sənədi hansı şəraitdə imzalayıb. Yadınızdadırsa, Paşinyan həmin sənədi efir qarşısında imzalamaqla razılaşmadı. Bunun özü həmin sənədin Ermənistan üçün kapitulyasiya mahiyyəti daşıdığına bir sübutdur. Burada hansı gizli sənəddən söhbət gedə bilər? Belə olsaydı, Prezident dəfələrlə Paşinyana sənədi niyə xalqın qarşısında imzalamadığı ilə bağlı irad tuta bilərdimi? Bütün bu dedi-qoduları hər iki ölkədə müxalif dairələr ortaya atır. Bizim üçün imzalanan sənədin müddəaları sərf edəndi. Bunun nəticəsində 3 rayonumuz bir güllə atılmadan azad olundu. Düzdür, son iki ay ərzində biz sülhməramlıların bəzi xoşagəlməz addımlarını müşahidə edirik”.
Politoloqun sözlərinə görə, sənədin imzalanmasından sonrakı mərhələdə hərbi əməliyyatların dayandırılması, bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması müəyyənləşdirildi: “Bu çərçivəyə tamamilə zidd olaraq, eyni zamanda gərginliyi alovlandırmaq cəhdi göstərərək Ermənistan növbəti təxribata əl atır. Belə ki, Ermənistan hökuməti üzərinə götürdüyü öhdəlikləri pozur və Ermənistan xarici işlər naziri Ara Ayvazyan Azərbaycanın Qarabağ bölgəsinə səfər edir. Bütün bunlara Azərbaycan etiraz edib və Prezident səviyyəsində sərt xəbərdarlıq da olundu”.
Ekspertin sözlərinə görə, bundan sonrakı mərhələdə Ermənistan üçün ən optimal variant bölgədə yaranmış yeni təhlükəsizlik formatını qəbul etmək, yeni əməkdaşlıq imkanlarından faydalanmaqdır.
Məhəmmədəli QƏRİBLİ