İsrail dövlətinin Yerusəlim şəhərindən "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov Prezident İlham Əliyevə müraciət edib:
“Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə mükafatlandırılmağım münasibətilə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının fəaliyyəti çərçivəsində həyata keçirdiyim işlər bu qədər yüksək qiymətləndirildiyi üçün Sizə təşəkkür edirəm.
Tam əminəm ki, Azərbaycanı İsraildə tanıtmaq üçün indiyədək, xüsusən də Vətən müharibəsi dövründə göstərdiyim fəaliyyət rəhbərliyiniz altında aparılan müdrik xarici və beynəlmiləl daxili siyasət nəticəsində xeyli asanlaşdı və prinsip etibarilə bunsuz fəaliyyətimiz mümkün deyildi. Əminəm ki, dəstəyinizlə bu fəaliyyət daha da genişlənəcək.
Mən, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı kimi, daim Vətənimlə qürur duyacaq, bundan sonrakı fəaliyyətimi də Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə həsr edəcəyəm.
Fürsətdən istifadə edərək, tarixi Qələbəniz münasibətilə Sizi təbrik edirəm. Bu Qələbədən sonra adınız Azərbaycan tarixində əbədi olaraq qızıl hərflərlə yazılacaq.
Sizə, ailənizə və bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram.
Əminəm ki, Azərbaycan Prezidenti kimi fəaliyyətiniz müstəqilliyinizin möhkəmləndirilməsinə və iqtisadiyyatın inkişafının yüksəlməsinə, həmçinin mən də əvvəlki kimi doğma olan, özümü onun bir hissəsi hesab etdiyim çoxmillətli, multikultural və tolerant ölkənizdə yaşayan bütün xalqların firavanlığına xidmət edəcəkdir”.
Baki-xeber.com