Rusiyanın “Vestnik Kavkaza” nəşri yazır ki, UNESCO Qarabağda açıq şəkildə ikili standartlardan istifadə edir. Bununla bağlı sözügedən nəşr bir sıra maraqlı məqamları qabardıb: “Mədəni irsin qorunması məsələsi Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra xüsusi əhəmiyyət qazandı.
Bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərində və ona bitişik yeddi bölgədə Azərbaycanın memarlıq irsinə istinad edərək “Ermənistanın hər zaman digər xalqların və dinlərin mədəni abidələrinə və dəyərlərinə hörmət və qayğı göstərdiyini” bildirdi. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da qeyd etdi ki, “Bakının onilliklər boyu Qarabağdakı erməni mədəni varlığı, o cümlədən, abidələrin kütləvi şəkildə məhv edilməsinə qarşı mübarizə apardı”.
“Vestnik Kavkaza” yazır ki, təxminən otuz il ərzində Dağlıq Qarabağın Ermənistan qoşunları tərəfindən işğal olunduğunu nəzərə alsaq, Naqdalyanın son açıqlaması xüsusilə absurd görünür: “Çünki erməni işğalı dövründə yalnız azərbaycanlılar deyil, beynəlxalq təşkilatların nümayəndələri də həmin şəhər və kəndləri ziyarət edə bilmədilər. Azərbaycan tərəfinin dediklərində nə qədər haqlı, Ermənistanınsa nə qədər ikiüzlü olduğunu bu fotolara baxmaqla aydın görmək olar. Tək bir şəhərdə, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın dünənini və bu gününü əks etdirən bu fotolar erməni barbarlığının əyani sübutudur. UNESCO isə bütün bunları görmək istəmir. UNESCO-da Azərbaycanın həm dünya, həm də xristian mədəniyyət abidələrini bərpa edərək dünya mədəni irsinə verdiyi töhfə barədə kifayət qədər ətraflı məlumat var. Lakin ermənilərin Dağlıq Qarabağda, ətraf ərazilərdə və Ermənistandakı azərbaycanlıların qədim mədəni irsinə qarşı insanlığa sığmayan hərəkətləri barədə UNESCO-nun xəbəri yoxdur”.
Göründüyü kimi, UNESCO-nun erməni vandalizminə biganə münasibət bəsləməsi haqlı olaraq tənqidlə qarşılanır. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirirlər?
“Ancaq bir dəfə olsun UNESCO buna öz münasibətini bildirmədi”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, dünya mətbuatında UNESCO ilə bağlı tənqidlər tamamilə haqlı əsaslara malikdir: “Məsələ ondadır ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan Azərbaycanın mədəni irsini vandalcasına məhv etdi. Ancaq bir dəfə olsun UNESCO buna öz münasibətini bildirmədi. Hansı ki, sözügedən təşkilat hansısa formada buna münasibət bildirə bilərdi. Belə olsaydı, o zaman Ermənistan beynəlxalq müstəvidə, ən azından, qınağa məruz qalardı. Ancaq onlar bunu etmədilər. Baxmayaraq ki, tarixi abidələrin qorunması ilə bağlı mövqe sərgiləmək bu təşkilatın borcu idi. Ancaq UNESCO üzərinə düşən vəzifəni yerinə yetirmədi. Çox təəssüflər olsun ki, UNESCO erməni lobbisinin təsiri altına düşərək belə bir ədalətsiz mövqe ortaya qoydu. O baxımdan, Rusiya mətbuatının bunu tənqid etməsi tamamilə ədalətli və məntiqlidir”.
Baş redaktor hesab edir ki, dünya mediasında bu kimi məsələlərin gündəmə gəlməsi Azərbaycanın xeyrinədir.
Vidadi ORDAHALLI