ABŞ prezidenti Donald Trampın "seçkini biz qazandıq" sözlərinin ardından ölkə bir anda qarışıb. Küçələrdə etiraz edən Tramp tərəfdarları Konqres binasına giriblər. Öncə Konqres binası qarşısında Trampın tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. Etirazçılar binaya girməyə cəhd edib və buna nail olub. Konqres binasının içində əlində odlu silah tutan etirazçılar da olub. Polisin atəşi nəticəsində Konqres binasında Trampın 3 tərəfdarı yaralanıb. Etirazçılar Konqres binasına daxil olduqlarına görə həm Senat, həm də Nümayəndələr Palatasının üzvləri binadan təxliyə edilib. Konqres binasına yaxın yerləşən daha iki binada da təxliyə işləri aparılıb. Buna səbəb hər iki binanın yaxınlığında şübhəli bağlamaların aşkarlanmasıdır.
ABŞ-ın Atlanta şəhərində isə bir qrup Tramp tərəfdarı silahlarla əyalət binasına doğru yürüş edib. Bu arada Vaşinqton meri şəhərdə komendant saatı elan edib. Məlumatlarda bildirilir ki, məhdudiyyətlər ABŞ prezidenti Donald Trampın paytaxtdakı kütləvi etirazları, o cümlədən Konqresin binasına soxulması ilə bağlıdır. Pensilvaniya qubernatoru baş verənləri dövlət çevrilişi adlandırıb. ABŞ prezidenti Donald Tramp isə tərəfdarlarını polisə qarşı diqqətli olmağa çağırıb. Göründüyü kimi, özünü dünyada demokratiyanın beşiyi sayan ABŞ-da belə hakimiyyət uğrunda gedən mübarizə kütləvi iğtişaşlarla müşahidə olunur. Nədənsə, başqa ölkələrdə etirazçılarla polis arasında baş verən insidentləri kəskin pisləyən təşkilatlarən və ölkələrin bu məsələyə sərt reaksiyasına rast gəlinmir. ABŞ-da baş verənlərə dünya birliyinin susqun mövqeyi nə ilə izah edilə bilər?
“Biz görürük ki, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə yekdil münasibət ortaya qoyulmur”
Politoloq Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar ABŞ-da sistemdən kənar proseslərin baş alıb getdiyini göstərir: “Baydenin rəsmən prezident elan olunması və hazırkı prezidentin bununla barışmaması bir daha təsdiq edir ki, demokratiya prinsiplərinə dönük çıxan elə ABŞ-ın özüdür. Deməli, bu qənaətə gəlmək olar ki, ABŞ və Qərb ölkələri üçün demokratiya başqalarına təzyiq etməkdən ötrü bir alətdir. Bu məfhumun bir dəyər olaraq öz qiymətini itirdiyinin şahidi oluruq. Yaxşı olar ki, onlar özlərini kənardan müşahidə edib, sözləri ilə əməllərinin nə dərəcədə üst-üstə düşdüyünə nəzər salsınlar. Çində baş verən iğtişaşlara isə tam fərqli mövqe ortaya qoyurlar. Həmin ölkədə iğtişaşları törədənlərlə bağlı tədbirlərin görülməsinə görə Çin hakimiyyəti həm ABŞ-ın, həm də Qərbin sərt basqılarına məruz qalmış olur. Biz görürük ki, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə yekdil münasibət ortaya qoyulmur. Bütün bunlar bir daha təsdiq edir ki, bu ölkələr öz yolu ilə getmək istəyən ölkələrə demokratiya adı ilə təzyiqlər göstərirmiş. Bütün bunların təzahürlərini biz özümüzə münasibətdə də görmüşük. Bir daha tsdiqlənir ki, bizim ölkə olaraq getdiyimiz yol çox düzgündür. Çünki bizə nəyin lazım olduğunu hamıdan yaxşı özümüz bilirik. Ermənistanın Azərbaycana təcavüzündə biz onların nə dərəcədə saxta olduğunu gördük. Bir milyon qaçqının taleyi ilə bağlı 30 il ərzində prinsipial mövqe ortaya qoymadılar”.
Ekspertin sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi haqsız münasibətlər hazırda bumeranq effekti ilə onun özünə qayıdır.
Məhəmmədəli QƏRİBLİ