ABŞ-ın ardınca Ukrayna da generalitet səviyyəsində Azərbaycanın müharibə taktikasının öyrənilməsinə maraq göstərdi...

İbrahim Rüstəmli: “Ordumuz praktiki olaraq müasir silahları uğurla döyüş meydanında tətbiq etdi”

img

Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib ki, Dağlıq Qarabağdakı müharibə döyüş əməliyyatlarının aparılmasının müasir formalarını nümayiş etdirdi. Ukrayna generalları nümunə kimi Dağlıq Qarabağdakı əməliyyatların təcrübəsini öyrənir.

Nazir onu da deyib ki, Kiyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bundan sonra da dəstəkləməkdə davam edəcək: “Ukraynanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bizim baxışlarımız bu məsələdə Ankaranın mövqeyi ilə olduqca dəqiq şəkildə üst-üstə düşür”.

Ukrayna XİN rəhbəri onu da əlavə edib ki, Qarabağda baş verən hadisələr istənilən “dondurulmuş” münaqişənin əslində belə olmadığını sübut edir: “Konfikt partlayış təhlükəlidir və istənilən məqamda eskalasiyaya gətirib çıxara bilər. Bu, planetin istənilən regionundakı böhranlara aiddir. Dağlıq Qarabağda baş vermiş son hadisələrdən çıxarılmalı olan başlıca dərs budur”.

Məlumat üçün qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ ordusunun komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənməyə başladığını bəyan edib. ABŞ generallarından biri deyib ki, Qarabağda kəşfiyyat və zərbə pilotsuz aparatlarının ənənəvi qüvvələrlə, yəni tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqi yeni təcrübədir.

Görünən odur ki, Azərbaycanın uğurlu hərbi taktikasının öyrənilməsinə maraq getdikcə artır. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?

“Separatçılıqdan əziyyət çəkən Ukraynanın Azərbaycan təcrübəsini öyrənməsi bu ölkə üçün çox önəmlidir”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Azərbaycanın döyüş təcrübəsini öyrənən ölkələr əslində daha çoxdur: “Qeyri-rəsmi məlumatlara görə, bu gün dünyanın bütün ölkələri Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatlarının hərbi tərəflərini öyrənir. Çünki Qarabağda ordumuz erməni zirehli texnikasını sürətlə məhv etmək üçün nəinki kəşfiyyat, eləcə də zərbə pilotsuz təyyarələrindən, habelə kamikadze-dronlardan kütləvi şəkildə istifadə etdi. Özü də çox peşəkar səviyyədə. Bu taktika Azərbaycan ordusuna imkan verdi ki, erməni qüvvələrini sürətlə sıradan çıxarsın. Azərbaycan praktiki olaraq müasir silahları uğurla döyüş meydanında tətbiq etdi. Silahlarla yanaşı, strateji və taktiki planların müasir tələblər səviyyəsində qurulması yanlız praktik tətbiqdən sonra özünü doğruldur. Praktik tətbiq üçün də ən ideal şərait müharibə poliqonudur. Çünki bu zaman silahlar real döyüş vəziyyətində sınaqdan keçirilir. Azərbaycan uzun illər ərzində ordunun döyüş qabiliyyətini artırmaq üçün böyük addımlar atıb. Azərbaycan öz cəbbəxanasını müasir silahlarla təchiz etməklə yanaşı, kadr potensialını da müasir tələblər səviyyəsinə qaldırdı. Görülən bütün bu işlərin nəticəsini biz döyüş meydanında gördük. Separatçılıqdan əziyyət çəkən Ukraynanın Azərbaycan təcrübəsini öyrənməsi bu ölkə üçün çox önəmlidir. Çünki onlar real döyüş vəziyyətindədirlər”.

Hərbi ekspert qeyd etdi ki, Azərbaycan əsl nümunə ortaya qoydu.

Vidadi ORDAHALLI

Son xəbərlər