93-cü ildə BMT- də fransızlar "Kəlbəcər düşmənçiliyi"ni Azərbaycan nümayəndəsinin gözləri önündə ediblər - o zaman BMT- də səfirimiz kim idi...

img

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin sənədlərini Fransa səfiri necə zəiflətdi” başlıqlı məqaləsi ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib. Konsulluqdan bildirilib ki, məqalədə 25 noyabrda Kəlbəcərin 27 illik işğalına son qoyulmasından bəhs edilir.

N.Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizlənməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu bildirib. O bu xüsusda “Human Rights Watch” təşkilatının hesabatına istinad edərək, Kəlbəcərin işğalı nəticəsində 60 min insanın öz doğma torpaqlarından didərgin salındığını, onların ağır müharibə şaraitində və çətin hava şərtləri altında rayonu tərk etdiyini, çoxlu sayda mülki azərbaycanlının öldürüldüyünü və əsir götürüldüyünü vurğulayıb.

Kəlbəcərin işğalı ilə bağlı bu dəhşətli faktların sübutu kimi baş konsul bu yaxınlarında apardığı araşdırmalar zamanı ermənilər tərəfindən çəkilmiş bir videonu üzə çıxartdığını və videonun sosial şəbəkələrdə geniş yayıldığını qeyd edib. N.Ağayev bildirir ki, sözügedən videoda Kaliforniya doğumlu erməni terrorist Monte Melkonyan və onun əlaltıları gülərək və əylənərək Kəlbəcərdəki azərbaycanlı əhaliyə rayonu tərk etmək üçün 10 saat vaxt verdiklərini səsgücləndirici vasitəsilə bildirirlər.

N.Ağayev qeyd edib ki, Kəlbəcərin işğalından dərhal sonra, 6 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurası bu işğalı pisləyən və işğalçı qüvvələrin rayon ərazisindən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdi. O, bu yaxınlarda Klinton Prezident Kitabxanası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yayılmış, Dövlət Departamentinin məxfilik qrifi qaldırılmış məktublarına istinad edərək, həmin vaxt Fransanın BMT-dəki daimi nümayəndəsi Jan-Bernard Merimenin Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin bəyanatının mətnində əhəmiyyətli dəyişikliklər etməyə nail olduğunu vurğulayıb. Belə ki, J.B.Merime ABŞ-ın BMT-dəki səfiri M.Olbrayt və digər BMT TŞ üzvlərinin təklif etdikləri mətnə qarşı çıxaraq, işğalçı tərəf kimi Ermənistanın təqsirləndirilməsinin qarşısını hər vəchlə almaq məqsədilə Kəlbəcəri işğal edən tərəf kimi sənədə “yerli erməni qüvvələri” ifadəsinin daxil edilməsinə nail olmuşdu. 30 aprel 1993-cü ildə qəbul edilmiş, Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinə də Merimenin səyləri nəticəsində eyni ifadə daxil edilmişdi.

Konsulun bu araşdırması Fransanın açıq ermənipərəst mövqeyinin ifşası baxımından olduqca önəmlidir. Ən maraqlısı isə budur ki, Fransa bu siyasətə münaqişənin əsası qoyulan zamandan başlayıb. 1993-cü ildə BMT-də baş verən bu hadisəyə detallı aydınlığın gətirilməsi , həmin vaxt bizim BMT-dəki daimi nümayəndəmizin kim olması və bu məsələnin indiyə qədər niyə geniş ictimaiyyətə təqdim olunmamasına aydınlıq gətirmək üçün məlumatlı şəxslərə müraciət etdik.

 “Həmin vaxt bizim BMT-dəki nümayəndəmiz Eldar Qulyev adlı şəxs olub” 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, belə bir faktın ortaya qoyulması çox ciddi məsələdir: “Mən bunu açıqlayan baş  konsulumuza dərin minnətdarlığımı ifadə edirəm. Belə bir hadisənin baş verməsini mən də eşitmişəm. Çünki ermənilər daima bu düzəlişə istinad edərək deyirdilər ki,  Ermənistanın işğalda heç bir rolu yoxdur, çünki sənəddə “erməni  özünümüdafiə qüvvələri” ifadəsi işlədilib.  Ancaq  Ermənistanın adının məhz Fransanın BMT-dəki nümayəndəsinin təkidi ilə sənəddən çıxarılaraq “yerli erməni qüvvələri” ifadəsi ilə əvəzlənməsi mənim üçün yenilik oldu. Həmin vaxt bizim BMT-dəki nümayəndəmiz  Eldar Qulyev adlı şəxs olub. Kifayət qədər yaşı olan həmin adam  milliyyətcə azərbaycanlı olsa da, Rusiya vətəndaşı idi. Onun həmin məsələyə lazımınca reaksiya verməməsi mənə inandırıcı görünür. Çünki təcrübəli adam deyildi. Sənəddən  Ermənistan silahlı qüvvələri ifadəsinin çıxarılması mənə bəlli idi. Məhz buna görə də, uzun illərdi ki, Ermənistan və onların havadarları bu məqama istinad edərək deyirlər ki, BMT qətnmaələrinin Ermənistana aidiyyəti yoxdur, həmin sənəddə  Qarabağdakı  “erməni özünümüdafiə dəstələri”  nəzərdə tutulur. Görürsünüzmü, Fransa diplomatları hansı yaramazlıqlarla məşğul olublar?  Sənədə düzəliş edilməsəydi, Ermənistanın məsuliyyəti daha da artmış olardı. O vaxtdan ermənilərin təəssübkeşləri məhz bu detala əsaslanırdılar”.

Müsahibimizin sözlərinə görə, ermənilər bu düzəlişə  əsaslanaraq işğal faktına “özünümüdafiə” donunu geydirməyə çalışırdılar.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər