Ermənistanda hakimiyyətə gələn qüvvələrin cinayətkar mahiyyəti barədə Azərbaycanın illər boyu səsləndirdiyi fikirlər daim reallıqda da öz əksini tapıb. Elə indiki hakimiyyətin də cinayətkar və diktatura mahiyyəti barədə Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışında çıxışı zamanı Prezident İlham Əliyev olduqca maraqlı fikirlər səsləndirdi. Burada rejimin cinayətkar və diktatura mahiyyəti tam açıqlandı.
Indinin özündə Ermənistan daxilində baş verənlər isə qeyd edilənlərin tam reallığı əks etdirməsinin növbəti təzahürü sayılır. Məhz bu durumda Ermənistanın müxalif “Çiçəklənən Ermənistan”, “Vətən” və “Daşnaksütyun” partiyaları baş prokurorluqdan qanunverici və icraedici hakimiyyət nümayəndələrinə qarşı konstitusiya quruluşunun dəyişdirilməsi, hakimiyyətin qəsb olunması və səlahiyyətləri aşma əlamətləri üzrə cinayət işlərinin açılmasını tələb edib. Qeyd edək ki, iyunun 22-də Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin üç üzvünün istefaya getməsi barədə konstitusiyaya düzəliş edib. Həmçinin, düzəlişlərə əsasən, Qrayr Tovmasyanın Konstitusiya Məhkəməsinin rəhbəri qismində səlahiyyətləri əlindən alınıb. Müxalifət isə, öz növbəsində, düzəlişlərin konstitusiyaya zidd olduğunu hesab edir. “Vətən” partiyasının üzvü Arsen Babayan isə şikayətləri ilə bağlı bildirib:“Hakimiyyət iki ildir ki, bütün qanunları və konstitusiyanı pozur. Parlamentin konstitusiyaya düzəlişlər etmək və Konstitusiya Məhkəməsini istefaya göndərmək hüququ yoxdur. Parlament belə düzəlişləri Konstitusiya Məhkəməsi ilə razılaşmadan qəbul edə bilməz. Biz baş prokurorluqdan konstitusiya quruluşunun dəyişdirilməsi, hakimiyyətin qəsb olunması və səlahiyyətləri aşma əlamətləri üzrə cinayət işlərinin açılmasını tələb edirik”.
Xatırladaq ki, bir qədər əvvəl biznesmen Qarik Tsarukyanın “Çiçəklənən Ermənistan”, Ermənistanın sabiq milli təhlükəsizlik naziri Artur Vanesyanın “Vətən” və ölkədə fəaliyyət göstərən “Daşnaksütyun” partiyaları fəaliyyətlərinin ümumi koordinasiyası üçün müştərək qərargah yaratdıqları barədə məlumat yayıb. Onların əsas məqsədi baş nazir Nikol Paşinyan diktaturasına qarşı mübarizədir. Bunlar fonunda maraqlı məqamlardan biri isə odur ki, indi ermənilər özləri də Azərbaycanın bu ölkə barədə səsləndirdiyi fikirlərin həqiqət olduğunu etiraf edir. Xüsusən də Prezident İlham Əliyevin Ermənistanın keçmiş və indiki hakimiyyətini bu günlərdə tənqid etməsi ətrafında yeni gərgin müzakirələr açılıb. Diqqətçəkən məqam odur ki, keçmiş və indiki hakimiyyət bir-birini ittiham edir, bunun fonunda bir sıra erməni şərhçi Azərbaycan liderinin haqlı olduğunu dilə gətirir. Bir daha xatırladaq ki, 26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın artıq bir neçə ildir dərin böhran içində olduğunu vurğuladı: “Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Onların generalları oğru, qəhrəmanları cinayətkar, prezidentləri rüşvətxordur. Bir halda ki, 20 il ərzində bir ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib, bu ölkəyə nə ad vermək olar?”. Dövlət başçısı Ermənistanda hazırki hakimiyyətin diktatura rejimi qurduğunu, baş nazirin özü və ailəsinin qaçaqmalçılıqla məşğul olduğunu da vurğuladı. Bu fikirlər işğalçı ölkənin gerçək üzünü göstərməklə yanaşı, həm də Ermənistanın daxili siyasətinə hesablanmış strateji xarakter daşıyırdı. Ermənistanın daxili siyasətində mövcud kataklizm fonunda Azərbaycan liderinin dilə gətirdiyi həqiqətlər düşmən ölkədə yeni daxili çəkişmələrə ravac verib. Hər halda, keçmiş və indiki hakimiyyətin qarşılıqlı ittihamları Bakının bu məsələdə haqlı olduğunu bir daha sübut edir. Məsələ burasındadır ki, keçmiş prezident Serj Sarkisyan guya Azərbaycan Prezidentinə cavab verməyə çalışdı, lakin çıxışında daha çox baş nazir Nikol Paşinyanı ittiham etdi. Sarkisyan bildirdi ki, Nikol Paşinyan Ermənistanda korrupsiya və soyğunçuluq haqqında İlham Əliyevin fikirlərini təkrarlayır. Onun fikrincə, hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi azadlıqlar boğulur, ən ciddi siyasi rəqiblər müxtəlif bəhanələrlə həbs edilir. Bütün bunların günahkarı da, Sarkisyana görə, məhz Nikol Paşinyandır. O hesab edir ki, pandemiya Ermənistanda ictimai, siyasi və iqtisadi münasibətləri alt-üst edib və ictimai rəydə baş naziri artıq “arzuolunmaz lider” kimi görürlər. Paşinyan. problemi həll etmək əvəzinə, populist bəyanatlarla çıxış edir. Bundan sonra Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan bildirdi ki, Ermənistan xalqının arxasında “beşinci kolon” fəaliyyət göstərir, Serj Sarkisyanın ailəsi bu qüvvələrin ayrılmaz hissəsidir. Müzakirələrə Paşinyan hakimiyyəti dövründə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş “Vətən” partiyasının sədri Artur Vanesyan qoşuldu və mövcud hakimiyyəti ittiham etdi: “Ermənistanın iki onillik keçmişi haqqında hazırki hakimiyyətinin qiymətləndirməsi İlham Əliyevin qiymətləndirməsi ilə üst-üstə düşür”. Respublika Partiyasından olan Armen Aşotyan isə Nikol Paşinyanı fırıldaqçı və böyük əclaf adlandırıb. Hazırda Ermənistanın keçmiş və indiki hakimiyyəti bir-birinə qarşı “Azərbaycanın “beşinci kolon”u olmaq” ittihamları yağdırırlar. Erməni şərhçi Samvel Ohanesyan isə “armenianreport” saytında qələmə aldığı məqaləsində yazır ki, Azərbaycan Prezidentinin Ermənistanın əvvəlki hakimiyyəti haqqında dedikləri ilə bütövlükdə razıdır: “Bununla yanaşı, Paşinyan ailəsinin qaçaqmalçılıqla, yaxud digər qara işlərlə məşğul olub-olmadığını demək çətindir, yəqin ki, ölkədə hakimiyyət nə vaxts əvəzlənərsə, bu haqda həqiqətlər dəqiq ortaya çıxacaq”. Lakin Ohanesyan Azərbaycan liderinin Ermənistanın daxili siyasətinə təsir gücünə daha çox diqqət çəkir. Ohanesyan yazır ki, İlham Əliyevin hücumuna verilən reaksiya anlaşılmazdır: “Faktiki olaraq, Azərbaycan Prezidentinin bu çıxışından sonra indiki və keçmiş hakimiyyət bir-birinə qarşı hücuma keçdi. Görürük ki, Ermənistan daxilində Azərbaycanın zərbələrinə tuş gələn iki cəbhə bir-birini antimilli olmaqda ittiham etmək üçün yarışa girib. Burada təhlükəli məqam odur ki, köhnə və yeni siyasi elitanın bir-birinə nifrəti Azərbaycan üçün yaxşı fürsətdir və İlham Əliyev bu məqamdan ustalıqla istifadə etdi”. Azərbaycan liderinin bir çıxışı ilə Ermənistanda siyasi toqquşma yaratmasının strateji əhəmiyyəti böyükdür. Çünki siyasətdə ən böyük ustalıq rəqibi daxili çaxnaşmaya sürükləmək və lazımi anda bundan istifadə etməkdir. Elə erməniləri də qorxudan budur ki, Azərbaycan Ermənistanda daxili ziddiyyətlərin artmasından istifadə edib Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinə start verə bilər. Proseslərin gedişi isə Ermənistan daxilinə ziddiyyətlərin daha da kəskinləşəcəyini istisna etmir və bu halda İrəvanın Qarabağ məsələsinin həlli istiqamətində hansısa addımlar atmaması savaşı tətikləyə bilər. Azərbaycanın öz torpaqlarını azad etməsi üçün bütün əsasları var. İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın tarixi ərazisidir. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu fonda politoloq Rüstəm Məmmədov bildirir ki, Ermənistanın qeyri-konstruktiv siyasəti danışıqlarda hər hansı nəticə əldə etməyə imkan vermir:“Ermənistan tərəfindən aparılan bu qeyri-qanuni fəaliyyətlər danışıqlar prosesinə, heç şübhəsiz, mənfi təsir edir. Yəni Ermənistanın siyasəti çox qeyri-konstruktiv və tərbiyəsiz bir siyasətdir. Ona görə də bu, danışıqların bir nəticə ilə yekunlaşmasına əngəl törədir. Təbii ki, Ermənistan danışıqları uzatmaq yolu ilə işğal rejimini qoruyub saxlamağa çalışır. Bu isə nə ATƏT-in Minsk Qrupunun həmsədrlərini, nə də Azərbaycanı qane edə bilər. Sülh çağırışına cavab verməyən birinci tərəf Ermənistanın özüdür. Mənə belə gəlir ki, Ermənistan sadəcə olaraq özünə qarşı müharibəni sürətləndirməyə çalışır. O hesab edir ki, müharibə yolu ilə vəziyyətdən çıxa biləcək. Ancaq başa düşmür ki, müharibə başlayarsa, Azərbaycan İrəvana qədər gedib çıxacaq. Yəni bu realdır”. Rusiya faktorunun bu məsələdə necə rol oynayacağına gəldikdə isə, Rüstəm Məmmədov deyib ki, Moskva hazırda Azərbaycanın mövqeyini dəstəkləyir:“Rusiya da Ermənistanın əleyhinə gedə biləcək siyasət yürütməyə çalışır. Rusiya Nikol Paşinyanın siyasətindən çox narazıdır”. ABŞ və Fransanın mövqeyinə gəldikdə isə, politoloq qeyd edib ki, hazırda Birləşmiş Ştatların başı özünə qarışıb:“Vaşinqton hər zaman olduğu kimi orta mövqe tutur. Fransa, təbii ki, Ermənistanın tərəfindədir. Ancaq bu gün Minsk Qrupu da, Avropa İttifaqı da Azərbaycanın mövqeyini dəstəkləyir. Təbii ki, Paşinyan hökuməti bu vəziyyətdə tab gətirə bilməyəcək”.
Məhz bu durumda Azərbaycanın Qarabağ münaqişəsinin hərbi həllinə istənilən an start verməsi tamamilə gözləniləndir. Ermənistan daxilində artan ziddiyyətlər də buna əlavə şərait yaradır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.