Azərbaycanın həyata keçirdiyi transmilli layihələrin, xüsusən də nəqliyyat sferasında gördüyü işlərin iqtisadi faydası ilə yanaşı, siyasi əhəmiyyəti də böyükdür. Hətta iş o yerə çatıb ki, bir sıra hallarda bu layihələr kəskin ziddiyyətlərin aradan qalxmasına xidmət edir. Məsələn, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verilməzdən əvvəl Rusiya bu layihəyə mənfi münasibət bəsləyib ona qarşı çıxırdı. Amma layihə işə düşdükdən sonra onun Rusiya şirkətləri üçün də kifayət qədər səmərəli olduğu üzə çıxdı. Bu isə Moskvanın Bakı-Tiflis-Qarsa yanaşmasını tamam dəyişdi.
Hazırda Rusiya Bakı-Tiflis-Qarsdan ən aktiv şəkildə istifadə edən tərəflərdən biridir. Perspektivdə isə Bakı-Tiflis-Qars Rusiyanın Gürcüstanla pozulan münasibətlərinin bərpasında da mühüm rol oynaya bilər. Bunu rusiyalı ekspert Yevgeni Mixaylov da istisna etmir:“Əvvəllər bir çoxları Rusiyanın Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə yükdaşımada iştirakını mənfi qiymətləndirirdi. Lakin reallıq başqa cür oldu. İndi rəsmi Moskva Bakı-Tiflis-Qarsla yükdaşımanı artırmaq niyyətindədir və bu məsələdə qarşılıqlı maraqlar var. İqtisadiyyat tez-tez siyasət və ikili standartları məğlub edir, nəticədə ölkələri bir araya gətirir. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı yol xəritələri və böyük iqtisadi layihələr imzalanıb. Məhz onlar yükdaşımanı artırmağa imkan verəcək. Yükdaşımanın artımı Rusiya üçün də sərfəlidir. Dünya dəyişir, Azərbaycan, Rusiyanın tərəfdaşı olmaqla yanaşı, bu cür layihələr sayəsində Rusiya ilə Gürcüstan arasında itirilmiş münasibətlərin qurulmasında vasitəçi ola bilər”.
Qeyd edək ki, Rusiya ilə münasibətlərin normal məcraya yönəlməsində Gürcüstan da maraqlıdır. Perspektivdə isə Azərbaycan sayəsində Gürcüstan üzərindən daha çox yük daşınması gözlənir ki, bu da tərərfləri istər-istəməz bir araya gətirir. İndilikdə isə Bakı-Tiflis-Qarsa qoşulan rus şirkətlərinin sayı sürətlə artır. Məsələn, bu il “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC daha bir dünya miqyaslı iri rus istehsalçının bu dəmir yolunun imkanlarından istifadə etməsinə nail olub. Belə ki, Rusiyanın “Evraz” şirkəti Türkiyə bazarına çıxartdığı məhsulunu sözügedən dəmiryolu ilə daşımağa başlayıb. “ADY Express” şirkətinin təqdim etdiyi vaqonlar indi Rusiyanın Sverdlovsk vilayətinin Smıçka stansiyasında dəmir külçələrlə yüklənərək Türkiyəyə yola salınır. “Evraz” bu yolla hər ay 30-40 min ton yükün nəql edilməsini planlaşdırır. Şirkət, bundan başqa, BTQ vasitəsilə Türkiyəyə iri həcmdə kömür nəql edilməsinə hazırlaşır. Xatırladaq ki, “Evraz” dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Şirkətin aktivləri Rusiya, ABŞ, Kanada, Çexiya, İtaliya, CAR, Türkiyə və Qazaxıstan kimi ölkələrdə cəmləşdirilib. Dünyanın iri polad istehsalçılarından biridir. Polad istehsalına görə dünyada 15-ci yerdədir. Şirkət Şimali Amerika və Avropada metallurgiya sənayesinin liderləri sırasındadır. Onu da bildirək ki, bu partiya "ADY Express"in operatorluğu ilə Rusiyadan BTQ ilə Türkiyəyə göndərilən ilk dəmir məhsulları deyil. Şirkət artıq ötən ildən başlayaraq Maqnitoqorsk Metallurgiya Kombinatının (MMK) yüklərini Türkiyəyə nəql edir. Hazırda hər ay 20 min ton MMK-ya məxsus polad məhsulları Türkiyəyə daşınır. Bu rəqəmin də yaxın bir neçə ayda 30-40 min tona çatdırılması planlaşdırılır. Toplam "ADY Express"in ancaq bu iki müştərisinin ayda 70 min ton yükü BTQ vasitəsilə nəql ediləcək. Rusiya taxıl və taxta-şalban məhsullarını da artıq BTQ vasitəsilə Türkiyəyə çatdırır. Bu fonda xətlə daşınan yüklərin həcmi sürətlə artır. Əgər "ADY Express" BTQ vasitəsilə qeyd olunan Rusiya şirkətlərinə məxsus nəql etdiyi metal yükləri 2018-ci ildə toplam 1 324 ton, 20 vaqon, 2019-cu ildə 25 193 ton, 385 vaqon yük nəql edibsə, 2020-ci ilin ilk 4 ayında bu rəqəm artıq 29 673 ton, 537 vaqon təşkil edib. Ilin sonuna kimi rəqəmin xeyli artması gözlənir və bu da BTQ-yə Rusiyanın artan marağının göstəricisidir. Bütün bunlara əsas səbəb odur ki, BTQ dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Digər tərəfdən, BTQ vasitəsilə yüklərin nəqli yük sahibinə bir sıra başqa üstünlüklər də qazandırır. Məsələn, yüklərin nəqli hava şəraitindən asılı olmur, gözləmələr yaşanmır. Nəqliyyat növü dəyişmir, yəni yüklər ancaq dəmir yolu vasitəsilə daşınır, vaqonlardan gəmiyə və gəmidən vaqonlara yüklərin aşırılmasına ehtiyac qalmır. Məsafə qısalır və nəticədə tranzit vaxtı azalır, yüklər daha tez ünvana çatdırılır. Beləliklə, BTQ dəmir yolunun yaratdığı imkanlar iri yük sahiblərinin diqqətini bu yola cəmləşdirir.
Moskva üçün daha bir önəmli məqam isə odur ki, Kreml perspektivdə "Transsibir" dəmir yolu xəttini Bakı-Tiflis-Qarsla əlaqələndirərək ticarət dövriyyəsini artırmağı düşünür. Rus ekspert Nikolay Silayev bildirir ki, Azərbaycanın iqtisadi imkanları Rusiyanın bu ölkə ilə əməkdaşlığını genişləndirməsində xüsusi rol oynayır. O, indiki halda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərəflərə əməkdaşlıqda yeni mühüm imkanlar yaratdığını da vurğulayır: "Azərbaycanın ərazisindən dəhlizin Rusiya və İranı birləşdirən dəmir yolu hissəsi keçir. Bundan daha vacib olanı isə odur ki, Azərbaycanın ərazisində faktiki olaraq "Şimal-Cənub" dəhlizinin və Türkiyə istiqamətində olan dəmir yolunun birləşməsi baş verir. Bu mənada, Azərbaycanın "Şimal-Cənub" layihəsindəki rolu çox əhəmiyyətlidir. Rusiya Bakı-Tiflis-Qarsın "Transsibir" dəmir yolu xəttilə birləşdirilməsində indi olduqca maraqlıdır. Hesab edilir ki, bu, Avrasiya regionunda malların daşınması və tranziti baxımından çox vacib addımdır. Digər tərəfdən, Bakı-Tiflis-Qars xətti Şərqdən Qərbə və əksinə malların tranziti baxımından "Transsibir" yolunun əhəmiyyətini xeyli artırır”.
Nahid SALAYEV