İyunun 30-da Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Beynəlxalq Qızıl Xaç Komitəsinin zəngin tarix və ənənələrə malik olması, Komitə ilə ölkəmiz arasında inkşaf edən qarşılıqlı əlaqələr barədə söhbət açıb, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən, prokurorluqda aparılan genişmiqyaslı islahatlar nəticəsində struktur dəyişikliyi ilə əlaqədar yaranmış yeni idarələrin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Elena Aymone Sessera ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardım göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoliji sağlamlıqları, itkin düşmüş şəxslərin taleyi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən, COVID-19 pandemiyası ilə əlaqədar keçirdikləri təlimlər barədə məlumat verərək, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, eləcə də prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin daha da inkişaf edəcəyinə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb.