12/07/2020 07:12
728 x 90

Bukikiodan Paşinyana dəqiq zərbə - konstitusiya islahatları Venesiya Komissiyasının tövsiyələrinə uyğun olmadı...

Seyid Camal Əzimbəyli: “Bu, açıq-aşkar, Avropa təsisatlarının riyakarlığının göstəricisidir”

img

Venesiya Komissiyasının sədri Cianni Bukikio Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana cavab məktubu göndərib. Bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb.

Məktubda Venesiya Komissiyasının sədri bir sıra məqamlara toxunub: “Hörmətli sədr, 2020-ci il 25 iyun tarixli məktubunuz üçün təşəkkür. Mən Ermənistandakı konstitusiya dəyişiklikləri ilə bağlı inkişafları diqqətlə izləyirdim. Təəssüf edirəm ki, onlar Venesiya Komissiyasının dəqiq tövsiyələrinə uyğun gəlmir. Mən yalnız konstitusiyaya hörmət etməyə çağıra bilərəm. Bu, qanunun aliliyinin əsas tələbidir ”.

Bundan əvvəl də Venesiya Komissiyası Ermənistan hakimiyyətinin Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı davranışını, o cümlədən, parlamentdə hakimlərin rəyinin nəzərə alınmadan qəbul etdikləri qərarlarla bağlı narahatlığını bəyan edib. Bu baxımdan Venesiya Komissiyasının sədrinin məlum məktubunda səslənən fikirlər tamamilə düzgün yanaşmadır. Ancaq çox qəribədir ki, Cianni Bukikio Ermənistandakı konstitusiya dəyişikliklərinin Venesiya Komissiyasının tövsiyələrinə uyğun gəlmədiyini açıq şəkildə bəyan etməsinə rəğmən, Avropa qurumlarının səsi çıxmır. Avropa təsisatları bütün bu baş verənlərə heç bir reaksiya vermirlər. Hər vasitə ilə bunu görməzdən gəlirlər.

  • “Şüurlu şəkildə Ermənistanda baş verən pozuntulara göz yumurlar”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu, açıq-aşkar, Avropa təsisatlarının riyakarlığının göstəricisidir: “Buna başqa ad verməkdə çətinlik çəkirəm. Zatən, zaman-zaman Avropa qurumları Ermənistanda yaşanan pozuntuları görməzdən gəliblər. Xristian təəssübkeşliyindən çıxış edərək Ermənistandakı antidemokratik proseslərə çox vaxt göz yumurlar. Bu dəfə belə hallar özünü daha çox göstərir. Hesab edirlər ki, Paşinyan Qərbə yaxın olduğuna görə istənilən pozuntunu törədə bilər. Ümid edirlər ki, bu minvalla, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxaracaqlar. Ancaq hesab edirəm ki, bu, yaxın perspektivdə mümkün olan iş deyil. Çünki forpost ölkə olan Ermənistan Rusiyaya o qədər bağlıdır ki, bu dövləti Kremldən uzaqlaşdırmaq mümkün deyil. Venesiya Komissiyası Avropa Şurasına bağlı bir təsisatdır. Sözügedən komissiya Ermənistandakı konstitusiya dəyişikliklərinin tövsiyələrə uyğun olmadığını bəyan edirsə, o zaman bunların demokratik olmadığı ortaya çıxır. Belə olan halda, demokratiyadan dəm vuran Avropa qurumları bunu pisləməlidirlər. Bu baş vermədiyinə görə, deməli, şüurlu şəkildə pozuntulara göz yumurlar”.

Hər zaman olduğu kimi, bu dəfə də Avropa qurumları Ermənistanda baş verən pozuntulara göz yumdular.

Vidadi ORDAHALLI

Son xəbərlər