Məlum olduğu kimi, Azərbaycan Prokurorluğu tarixində ilk dəfə xanım prokurorluq əməkdaşları rayon prokuroru vəzifələrinə təyin olunublar. Baş Prokurorluğun Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, ölkənin prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir.
Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək rayon prokuroru vəzifələrinə təyinatlar alıblar. Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Azərbaycan tarixində ilk dəfə xanımların prokuror təyin edilməsinə şahidlik edirik. Xanım prokurorlar bu sahəyə nə kimi yenilik və avantajlar gətirə biləcəklər?
“Zərif cinsin nümayəndələri daha həssas və məsuliyyətli olduqları üçün, inanıram ki, bu təyinat effektli olacaq”
Tanınmış hüquqşünas, vəkil Əziz Qəmbərov baki-xeber.com-a bildirdi ki, zərif cinsin nümayəndələrinin belə yüksək və məsuliyyətli vəzifəyə təyin edilməsi təqdirəlayiq haldır. Ə.Qəmbərovun sözlərinə görə, Azərbaycanda dövlət, məhkəmə-hüquq quruculuğunda qadınların rolu danılmazdır. “Azərbaycanın dövləti həm öz Konstitusiyasında, eyni zamanda da qoşulduğu beynəlxalq konvensiyalara əsasən, qadın və kişi hüquqları bərabərliyi prinsipini tanıyan və bu prinsiplərə əməl edən ölkələr sırasındadır. Tariximizdə ilk dəfə olaraq rayon prokurorları səviyyəsində xanımlarımızın irəli çəkilməsi buna bariz nümunədir. Mən hesab edirəm ki, hətta gecikmiş bir addımdır. Tarixən bizim güclü diplomat xanımlarımız olub və dövlət əhəmiyyətli məsələlərdə yaxından iştirak edib və hazırda da iştirak edirlər. Buna əyani misallar da çəkmək olar.
Yeni təyin edilmiş prokuror xanımlarımızı şəxsən tanımıram. Ona görə onların nə kimi yenilik və avantaj gətirəcəklərini gələcək göstərəcək. Ancaq onu deyə bilərəm ki, zərif cinsin nümayəndələri daha həssas və məsuliyyətli olduqları üçün inanıram ki, bu təyinat effektli olacaq. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, prokurorluq orqanı daim cinayətkarlıqla mübarizə apardığı üçün, bu sahənin ağır iş olduğu hamımıza bəllidir. Ona görə də mən xanım prokurorlarımıza bu ciddi və məsuliyyətli işlərində uğurlar diləyərək, daim möhkəm olmalarını və qanunlarımızın onlara verdiyi çərçivədən kənara çıxmamaq şərtilə cəsarət arzulayıram” - deyə Ə.Qəmbərov vurğuladı.
Günel CƏLİLOVA