Qarabağ separatçıları rəhbərliyinin də iştirak etdiyi Ermənistan Təhlükəsizlik Şurasının iclasında Paşinyan Azərbaycan rəhbərliyinin ünvanına böhtan xarakterli ittihamlarla çıxış edib.
Həyasızcasına iddia edib ki, guya rəsmi Bakı Qarabağ nizamlanmasında kompromislərdən imtina edib: “Danışıqlar prosesində real irəliləyiş gözləməyə dəyməz, xüsusilə də bu, müharibə və ya erməni xalqına qarşı birbaşa və ya dolayısı ilə ərazi və ya tarixi tələblərin irəli sürülməsi ilə müşayiət olunursa. Əminəm ki, Qarabağ münaqişəsini uzunmüddətli, genişmiqyaslı Ermənistan-Azərbaycan düşmənçiliyinə -xalqlarımızın bir-birinin hər şeyini – keçmiş, gələcək və bütün regionu mübahisələndirməsinə - çevirmək cəhdləri nə erməni, nə də Azərbaycan xalqlarının maraqlarına uyğun deyil”.
Bu azmış kimi, P aşinyan təhdidlərə keçərək bildirib ki, Ermənistan və Qarabağla hərbi münaqişə Azərbaycana dövlətçiliyin itirilməsi bahasına başa gələ bilər: “Güc tətbiqi nəticəsiz qalmayacaq və ona cavab hər zaman həm hərbi, həm də siyasi baxımdan adekvat olacaq”.
Görünən odur ki, ATƏT-in Minsk Qrupu ünvanlı reaksiya vermədikcə, Paşinyan danışıqların pozulmasına yönəlik açıqlamalarını bir az da sərtləşdirir. Eyni zamanda, hədə dili ilə danışır. Bütün bunları ekspertlər necə dəyərləndirirlər?
“Hərbi əməliyyatlar başlayarsa, o zaman ordumuz bütün işğal altında olan əraziləri azad edəcək”
Sözügedən məsələni dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, Paşinyanın səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: “O, bəzən heç özü də bilmir nə danışır. Azərbaycan dövləti və dövlətçiliyi kifayət qədər əmin əllərdədir. Dövlətçiliyin itirilməsindən söhbət belə gedə bilməz. Hərbi əməliyyatlar başlayarsa, o zaman Azərbaycan Ordusu bütün işğal altında olan əraziləri azad edəcək. Ordumuzun ötən illər ərzində döyüş qabiliyyəti, müasir silahlarla təchizat səviyyəsi kifayət qədər artıb. Silahlı Qüvvələrimiz ən müasir silahlarla təchiz olunub. Azərbaycan sonsuza qədər işğalla barışmayacaq. Bunu hər kəs, o cümlədən, Ermənistan da bilməlidir. Sadəcə, danışıqlar prosesində bütün imkanlar hələ tükənməyib. O da sirr deyil ki, ATƏT-in Minsk Qrupu işğalçı tərəfə öz yerini göstərmədiyi üçün, Paşinyan hər dəfə bu cür provokativ xarakterli çıxışlar edir. Əgər buna görə Ermənistan rəhbərliyinə güclü təzyiq olarsa, o zaman Paşinyan belə məsuliyyətsiz fikirlər səsləndirməyə cəsarət etməz.
Paşinyan nə qədər belə populist xarakterli fikirlər səsləndirsə də, Ermənistanın üzləşdiyi ağır böhran ortadadır. Ölkə hakimiyyəti koronavirus pandemiyası ilə bacara bilmir. Belə olan halda, Paşinyanın Azərbaycanla hədə dilində danışması tamamilə absurddur”.
Vidadi ORDAHALLI