Xarici İşlər Nazirliyi son vaxtlar qurum barədə yayılan böhtan xarakterli informasiyalarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Qurumun mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib:
"Öncə vurğulamaq istərdim ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olaraq şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişəm. Lakin son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığını müşahidə edirik. Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib. Vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.
Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir. Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik”.
Olduqca strateji bir qurum barədə böhtan kampaniyanın aparılması iddiası ilə şikayətin edildiyi ünvan da maraqlı görünür. XİN-in kampaniya ilə bağlı polis və məhkəməyə yox, məhz DTX-ya şikayət ünvanlaması maraqlı sual ortaya çıxarır: bu kampaniyanın arxasında xarici amillərin təsiri və rolu ola bilərmi?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda üzdə olan siaysi xadimlər və mühüm dövlət qurumlarının gözdən salınıb diskreditə edilməsi istiqamətində bədxah qüvvələr durmadan çalışır:“Bu təsadüfi deyil. İstənilən halda, dövlət qurumunun rəhbəri ölkənin uğuru üçün çalışan adamdır. Hər hansı bir nazirin gözdən salınmasında məqsəd bütün mövcud hakimiyyəti gözdən salmaqdır. Xarici işlər naziri Elmar Məmmədyarovla bağlı baş verənlər də diqqətdən yayınmır. Onunla bağlı müxtəlif dönəmlərdə fərqli məzmunlu dezinformasiyalar yayılıb. Budəfəki hadisə də məhz o qəbildəndir. Elmar Məmmədyarovun Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda əsas fiqurlardan biri olması da burda mühüm rol oynayır. Məhz həmin danışıqlarda Azərbaycanın əlini zəiflətmək üçün bizə qarşı olanlar hərəkətə keçib. Biz baxsaq görərik ki, belə hücumların hədəfində yalnız Məmmədyarov deyil. Başqa mühüm qurumlarla da bağlı analoji təbliğat aparılır. Birmənalı şəkildə deyirəm ki, bunun arxasında erməni təbliğat maşını dayanır. Təəssüflər olsun ki, bizim insanlarımız da bunun fərqinə varmadan, həmin təbliğat maşınının materiallarını tirajlamaqla məşğul olurlar. Müraciətin niyə məhz DTX-ya edilməsi də maraqlıdır. Düşünürəm ki, bununla bu kampaniyanın arxasında duranların müəyyən olunması marağı güdülür. Onu da asanlıqla müəyyən etmək çətin məsələdir. Birincisi, onu edənlər Azərbaycandan kənardadır. İkincisi, elə mərkəzləri müəyyənləşdirmək xüsusi operativ əməliyyatlar tələb edir. Üçüncüsü, DTX həm də məsələnin dövlətin təhlükəsizliyi üçün təhdid elementi sayılan aspektini araşdıracaq. Çünki Elmar Məmmədyarovun statusu bu şübhəyə düşməyə əsas verir. Digər qurumlar bunu dərindən araşdırmaq imkanlarına malik deyil. Çünki onların imkanları xaricdə araşdırma aparmağa çatmayacaq. DTX-nın isə buna resursu çatar. Məmmədyarov bu məsələdə sadəcə öz nüfuzunu qorumağa qalxmayıb. Düşünürəm ki, o, məhz dövlətin imicini zədələyən kampaniya ilə mübarizə apardığı üçün bu şikayəti edib. Çox düzgün addımdır. Bunun bir presedent olması da lazımdır”.
Məhəmmədəli QƏRİBLİ