Məlumdur ki, Azərbaycanln malik olduğu imkanlar ona xaricdən indiyə qədər böyük həcmdə hərbi texnika almağa da əlverişli zəmin yaradır. Bundan sonra da Azərbaycan böyük maliyyə imkanları hesabına texnika idxalını davam etdirməyi düşünür. Digər tərəfdən dünya ölkələri də Azərbaycanla bu sahədə əməkdaşlığa daha çox meyl edir.
Üstəlik, bəzi ölkələr hərbi texniki əməkdaşlığın dərinləşdirilməsi üçün Azərbaycana kredit xətti açmağa hazır olduqlarını da bildirir. Artıq Rusiya bu istiqamətdə marağını ifadə edib. Qardaş Türkiyə isə hətta real addımlar da atıb. Məlumat verildiyi kimi, ötən həftə Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması” qüvvəyə minib. Bu anlaşmaya əsasən Türkiyə Azərbaycana 200 milyon lirə məbləğində kredit xətti açır və Azərbaycan həmin pulla Türkiyədən hərbi texnika, silahlar ala bilər. Türkiyədən təhlükəsizlik və terrorla mübarizə eksperti Coşkun Başbuğ deyib ki, Azərbaycan qardaş ölkədən istədiyi silahı və texnikanı ala bilər. Amma inkişaf edən texnologiyaları, yeni müharibə metodlarını və regiondakı şərtləri nəzərə alaraq Azərbaycan Türkiyədən daha çox yeni döyüş sistemləri, o cümlədən pilotsuz döyüş təyyarələri, pilotsuz kəşfiyyat təyyarələri və “Atak” hücum vertolyotları ala bilər. Hərbi və strateji məsələlər üzrə ekspert Yusuf Alabarda isə bildirir ki, Türkiyənin istehsal etdiyi silahlı və silahsız PUA-lar Dağlıq Qarabağda potensial döyüş əməliyyatlarında effektli olacaq. Çünki həm Suriyada, həm Liviyada Türkiyənin döyüş pilotsuz təyyarələri hərbi əməliyyatlar səhnəsində vəziyyəti Ankaranın xeyrinə dəyişdirə bilib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədən “Bayraktar” , “Akıncı” və digər pilotsuz aparatlar almasının gündəmdə olduğu barədə vaxtaşırı məlumatlar səslənir. Türkiyənin zərbə dronları bir müddət əvvəl Bəşər Əsədin İdlibi tutmaq üçün hücum edən iri qoşun qruplaşmasını ciddi itkilərə məruz qoyub. Nəticədə Əsəd və ona dəstək verən Rusiya atəşkəsə razılaşıb. Liviyada isə Milli Birlik Hökumətinin qüvvələri qiyamçı feldmarşal Xəlifə Haftarın qüvvələrinə qarşı Türkiyənin “Bayraktar” döyüş pilotsuz aparatlarını tətbiq edərək onu ciddi itkilərə məruz qoyub. O cümlədən, Haftarın Rusiyadan aldığı 10-dan çox “Pantsir” zenith-raket kompleksləri vurulub. Nəticədə Haftarın ordusu paytaxt Tripoli üzərinə hücumu dayandıraraq geri çəkilib. Azərbaycan müdafiə naziri Zakir Həsənov mart ayında keçirdiyi xidməti müşavirədə İdlib döyüşlərinin təcrübəsinin öyrənildiyini və Türkiyədən yeni silahların alınması üçün iş getdiyini demişdi. Başqa sözlə, şübhəsizdir ki, tezliklə Türkiyə hərbi sənayesinin istehsalı olan və dünyanın aparıcı ölkələrini də təəcübləndirən, hədəfi yüksək dəqiqliklə vuran "ağıllı" raketlərlə təchiz olunmuş pilotsuz döyüş sistemləri Azərbaycan ordusunun silahlanmasında yer alacaq. Bunu isə ermənilər böyük təlaşla qarşılayır. Məsələn, separatçıların liderinin “müşaviri” Tiqran Abramyan bu halda Azərbaycanın böyük üstünlüklər qazanacağını etiraf edir:“Azərbaycanın PUA-ları və aviasiyası da cəbhə boyu uçuşlarını intensivləşdirib. İndi Türkiyədən yeni silah partiyaları alınsa, Azərbaycan bizə qarşı daha sərt davranacaq”. Onu da qeyd edək ki, Türkiyənin pilotsuz uçan aparatları, ümumiyyətlə, müxtəlif ölkələrdə müzakirə mövzusu olub. Amma hazırda Ermənistan bundan ciddi narahatlıq keçirir. Türkiyənin aparıcı dron istehsalçısı isə “Baykar Makina” şirkətidir. Məhşur "Bayraktar TB2", "Akıncı", ANKA, ANKA-S, "Alpagu", "Karqu", "Sərçə" zərbə və kəşfiyyat PUA-ları məhz burada istehsal edilir. Azərbaycanın bu dronların alışını həyata keçirməsi isə tamamilə mümkün sayılır. Ekspertlər hesab edir ki, əslində bu dronların alışı vacibdir. Məsələn, Azərbaycan ordusunun silahlanması üçün əldə edilən ROKETSAN şirkətinin SOM qanadlı raketlərinin yaşlanan qırıcı aviasiya əvəzinə yeni "Akıncı"ya inteqrasiyası daha məqsədəuyğundur. Bu proses PUA-ya 180 kilometrə qədər məsafədən, nəinki Ermənistan Hava Hücumundan Müdafiə qoşunlarının məhvetmə zonasına daxil olmadan, hətta ona yaxınlaşmadan 230 kiloqramlıq döyüş başlığı ilə hədəflərə nöqtə zərbələri endirməyə imkan verə bilər. Digər tərəfdən isə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində idarəolunan aviasiya bombalarının "Akıncı" ilə tətbiqi də mümkündür. Ekspretlər hesab edir ki, Türkiyənin "Akıncı" PUA ailəsinin yalnız alınması deyil, həm də Azərbaycanda istehsal sahəsinin yaradılması mümkündür. Ən azı o baxımdan ki, Azərbaycanın bu sahədə təcrübəsi də var. İsraillə belə istehsal həyata keçirilir. Belə ki, “Pegasus 120” adlanan PUA İsrailin “Aeronautics” şirkəti ilə müştərək əsasda "Azad Systems" müəssisəsində istehsal olunur.
Onu da xatırladaq ki, ölkəmiz Türkiyədən "T-129 ATAK" tipli hücum vertolyotu alınmasına da çox maraq göstərir. Xatırladaq ki, Türkiyə və İtaliyanın ortaq layihəsi olan "T-129 ATAK" hərbi helikopterlərinin sürəti saatda 300 kilometrə çatır, hər cür hava şəraitində, gecə və gündüz uçuş həyata keçirə bilir. Helikopter həm də Türkiyə istehsalı olan kompyuter sistemi ilə təchiz edilib. Helikopterin 42 fərqli avionika və silah sistemi Türkiyə şirkətləri tərəfindən istehsal olunur. Ekspertlər bildirir ki, "T-129 ATAK" döyüş helikopterlərinin alınması Azərbaycan hərb aviasiyasını daha güclü hala gətirəcək.
Xatırladaq ki, Azərbaycanın silah idxal etdiyi ölkələr sırasında əsas yerlərdən birini məhz Türkiyə tutur. Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Hələ bir neçə il öncə ölkələrimiz arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə təsdiq edilib.
Nahid SALAYEV