Paşinyanın siqaret qaçaqmalçılığı növbəti dəfə ifşa edildi. Belə ki, Rusiyanın Voronej şəhərinin sərhədçiləri 16 ton idxal olunan siqareti ələ keçiriblər.
İrəvandan Voronejə gələn yük təyyarəsinin göyərtəsində nəhəng saxta tütün dəsti aşkarlanıb. Etiketlərə görə bütün siqaretlər Ermənistanda istehsal edilib. Məhsulda tütün məmulatları üçün tələb olunan aksiz markaları və xüsusi nişanlar olmayıb. Yeri gəlmişkən, bu, son bir ayda Ermənistandan gətirilən ikinci böyük siqaret yüküdür. Aprelin sonlarında eyni siqaret Krasnodar sərhədçiləri tərəfindən ələ keçirildi.
Ermənistanın özündə saxta ticarət səbəbindən bütöv bir qalmaqal yaranıb. Ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan hazırkı Baş nazir Nikol Paşinyanı bu qanunsuz işi təşkil etməkdə ittiham edib. Paşinyan isə, öz növbəsində, rəqibini təhlükəsizlik qüvvələri ilə hədələyib.
Bu arada Minasyanın sözlərinə görə, Voronej epizodu çoxlarından biridir. Siqaretin Rusiyaya daşınması isə iki ildir davam edir. Mütəxəssislər Voronejdə ələ keçirilən bütün siqaretlərin satış qiymətini 70 milyon rubl dəyərində qiymətləndiriblər.
Ermənistanda çıxan "İrates” qəzeti yazır ki, Rusiyanın hüquq-mühafizə orqanları göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırırlar. Qəzetin yazdığına görə, koronavirus pandemiyası ilə bağlı mövcud problemlər və korrupsiya sövdələşməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın ətrafında xaos yaradıb: “Ermənistanda siqaret qaçaqmalçılığı ilə bağlı məsələni tez ört-basdır etməyə çalışsalar da, qaçaqmal siqaret dolu təyyarəni müsadirə etmiş Rusiya barəsində bunu demək çətindir”.
Bildirilib ki, federasiyanın təhlükəsizlik xidmətinin etibarlı mənbələri bu barədə diqqətəlayiq məlumatı verib: “Qaçaqmal siqaret işi Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Dərin və hərtərəfli araşdırma aparılır. Bu işdə Nikol Paşinyanla yanaşı, daha 17 nəfərin adı hallanır”.
Qəzetin "bunu niyə ətraflı danışmırlar” sualına cavab olaraq vurğulanıb: "Hər şeyin vaxtı var, körpələr 9 aydan sonra dünyaya gəlir. Rusiya üçün Nikol Paşinyan deyil, Ermənistan tərəfdaş dövlət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkədir. Paşinyanın KTMT-yə qarşı atdığı addımları, Rusiyanı hansı vəziyyətə qoyduğunu başa düşməməsi öz problemidir”.
"Ermənistandan siqaret qaçaqmalçılığının gizlədilməsi üçün bir adam Rusiyaya göndərilib” sualına mənbə cavab olaraq deyib: "Getdi, ancaq heç nə edə bilmədi”.
Belə görünür, qanunsuz brilyant, siqaret alveri Paşinyanın axırına çıxacaq. Məsələnin ciddiləşməsi ona yaxşı sonluq vəd etmir.
“...ona qarşı ciddi təzyiqlər olacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, qaçaqmalçılıq məsələsi artıq böhrana yol açır: “Ermənistan Baş naziri haqqında qaçaqmalçılıq məsələsi artıq çox ciddi siyasi böhrana yol aça bilər. Ermənistanın Vatikanda keçmiş səfiri Minasyan bununla bağlı hər gün yeni iddialar səsləndirir. Ancaq Paşinyan bütün bunlara açıqlama vermir. Çunki bu ona qarşı yeni iddialara yol açacaq və araşdırma başlayacaq. Siqaret, silah, brilyant alveri qaçaqmalçılığı erməni rəsmiləri üçün səciyyəvi xüsusiyyətlərdir. Onlar dövlətin imkanlarından istifadə edib bununla öz şəxsi bizneslərini qururlar. Hesab edirəm ki, Rusiyada Paşinyanın bu hərəkətləri tam sübut olunsa, ona qarşı ciddi təzyiqlər olacaq. Fikrimcə, Rusiyada bu qaçaqmalçılıq məsələsinə aydınlıq gətiriləcək. Deməyim odur ki, Paşinyana əsl sürpriz qabaqdadır. Əlbəttə, Paşinyanın bunu etməsi heç də təəccüblü deyil. Ona görə ki, əlavə gəlir yeri yox və yalnız bu cinayət yolları ilə qazanır. Bu, Ermənistanda siyasi böhrana yol aça bilər”.
Vidadi ORDAHALLI