Məlum olduğu kimi, Ermənistan tərəfi Azərbaycanda gedən bütün prosesləri izləyir. Hansısa bir çatışmayan cəhəti, mənfi halı o dəqiqə erməni mediası əlində bayraq edərək ölkəmizə qarşı təbliğat məqsədi üçün istifadə edir. Erməni mediasının olduqca həssas yanaşdığı məsələlərdən biri də Qarabağ münaqişəsinin həlli ilə bağlı səslənən fikirlərdir.
Müşahidələr göstərir ki, Azərbaycanda bəzi deputatların, partiya rəhbərlərinin, funksionerlərin müəyyən məsuliyyətsiz açıqlamalarını Ermənistan mediası götürərək bundan öz məqsədləri üçün istifadə edir. Müxalifətdə, hətta iqtidarda da belə açıqlamalarla çıxış edənlər var. Söhbət sözügedən siyasilərin antimüharibə xarakterli məsuliyyətsiz fikirlərindən gedir. Xüsusən də erməni mediası Qarabağla bağlı verilən bu kimi açıqlamalardan daha çox istifadə edir. Məsələ ondadır ki, erməni mətbuatı həmin açıqlamalardan istifadə edərək belə rəy yaratmağa çalışır ki, guya Azərbaycan cəmiyyəti Qarabağ məsələsinin güc yolu ilə həllini istəmir. Səbəbini müharibədən qorxmaları ilə əlaqələndirirlər. Guya müharibə olacağı təqdirdə Azərbaycanın daha ağır məğlubiyyətə düçar ola biləcəyi ilə bağlı həmin o məsuliyyətsiz sitatlardan istifadə edirlər.
Maraqlıdır, Azərbaycanda Qarabağla bağlı bu cür məsuliyyətsiz yanaşmalarla çıxış edənlər, belə bəyanatlar verənlər bunun nəticəsi haqqında düşünürlərmi?
“...bundan erməni mediasının öz mənafeyi üçün istifadə etməsinə əlverişli şərait yaradır”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun sözlərinə görə, belə fikirlərlə çıxış edən syasilər bunun nəticələri ilə bağlı düşünsəydilər, bəlkə də bu cür açıqlamalarla çıxış etməzdilər: “Təəssüflər olsun ki, bəziləri bütün bunların fərqində olmadığı üçün, belə fikirlər səsləndirirlər. Nəticədə düşmən tərəfi bundan böyük məharətlə istifadə edir. Nəzərə almaq lazımdır ki, bu il separatçı qurumda keçirilən “seçkilər”, Şuşada təşkil olunan “tədbirlər” Azərbaycanda hiddətlə qarşılandı. Hansı ki, Ermənistan bu kimi təxribatlara əl ataraq Azərbaycanı provokasiyaya çəkmək istəyirdi. Ermənistan mətbuatı hər vasitə ilə belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycan hərbi əməliyyatlara cəsarət etməz. Hansı ki, Azərbaycan 4 il əvvəl məlum tabunu sındırdı. Aprel döyüşləri göstərdi ki, sülh danışıqları nəticə verməsə, müharibə qaçılmazdır. Sözügedən döyüşlər Azərbaycan Ordusunun gücünü ortaya qoydu. Nəzərə almaq lazımdır ki, aprel döyüşləri Ermənistanın siyasi elitasında parçalanmaya səbəb oldu. Ona görə də bəzi millət vəkilləri, siyasətçilər Qarabağla bağlı fikirlərində diqqətli olmalıdırlar. Nəzərə almalıdırlar ki, düşmən tərəfi onların bu kimi antimüharibə xarakterli məsuliyyətsiz fikirlərindən çox böyük məharətlə öz mənafelərinə uyğun istifadə edir. Belə fikirlər Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaqla yanaşı, bundan erməni mediasının öz mənafeyi üçün istifadə etməsinə əlverişli şərait yaradır. Azərbaycan müharibə vəziyyətində olduğu üçün, bu kimi məsələlərə son dərəcə həssas yanaşmaq lazımdır. Müharibə olmasa da, hər halda, cəmiyyəti buna kökləmək lazımdır. Yoxsa, antimüharibə ovqatına köklənmiş fikirlərin səslənməsi doğru deyil”.
Vidadi ORDAHALLI