10/07/2020 22:46
728 x 90

Azərbaycan polisini qaralamaq istəyənlərə güllə kimi zərbə faktları...

img

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən sərt karantin rejimi müddətində polisə qarşı bəzi xoşagəlməz davranışlar müşahidə olundu. Yasamaldakı binalardan birinin önündə karantin qaydasını pozan şəxsi polis avtomobilinə mindirmək cəhdi təxribatla qarşılandı. Bəzi adamların təhriki ilə bir sıra vətəndaşlar mənzillərin eyvanından polisin üstünə zibil atmağa başladı.

Təbiidir ki, bu cür təxribatçı əməllər cəzasız qalmadı. Həmin şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olundu. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə bəziləri polisə qarşı edilən əməllərə haqq qazandırmaq istəyir. Onların sayı az olsa da, bəzi faktları nəzərlərinə çatdırmaq yerinə düşərdi.

Məhz belə ağır karantin dönəmində polisin etdiyi bəzi əməllərə diqqət edək. Bakının Qaradağ rayonu ərazisində  xidmət aparan polis əməkdaşlarının qürurverici hərəkəti hər kəs tərəfindən müsbət dəyərləndirilib. Yayılan kadrlardan görürük ki,  bir neçə polis əməkdaşının xidmət apardığı ərazidə ard-arda yerli musiqilər, sonra Azərbaycan Himni səsləndirilib. Ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşları xidməti avtomobildən enərək hərbi salam verib, himni ayaq üstə dinləyib və ifa ediblər.

Başqa belə faktlardan biri Xətai rayonunda yaşanıb. Hamilə qadına ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən köməklik göstərilməklə onun vaxtında xəstəxanaya çatdırılması təmin edilib. Qadının həyat yoldaşı əvvəlcə ərazidə xidmət aparan polislərə bu barədə məlumat verib. Dərhal polislər xidməti avtomobillə qadını və onun həyat yoldaşını xəstəxanaya aparıblar. Hazırda onun vəziyyəti yaxşıdır.

Sosial şəbəkələrdə yayılan digər maraqlı bir fakta diqqət edək. Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov iri rayon və şəhərlərdə tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq, ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib. Dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşın mənzilinə gedlb və müraciət edən ailə çörəklə təmin olunub. Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.

Bakıda karantin günündə bacısı vəfat edən bir qadın da polislərdən kömək istəyib. Paytaxtın Heydər Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarına yaxınlaşan bir qadın bacısının vəfat etdiyini, lakin icazəsi olmadığı üçün onun dəfninə gedə bilmədiyini deyib. Polis əməkdaşları xidməti maşınla qadını gedəcəyi ünvana aparıb...

Çoxmilyonlu şəhərdə baş verən bu cür hadisələrin sayı, təbiidir ki, çox olub. Biz yalnız onlardan bir neçəsini, yəni sosial şəbəkələrdə ictimailəşənlərini təqdim etdik. Hər birində də polisin nümunəvi davranışının şahidi olduq. Belə xidmət aparan polisin başına zibil atmaq olarmı? Təbiidir ki, bunu edən normal adam ola bilməz...

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər