11/07/2020 07:10
728 x 90

Vatikandakı keçmiş erməni səfir Paşinyanın axırına çıxacaq – “Rusiya silahı üçüncü ölkələrə satılır”...

Məhəmməd Əsədullazadə: “Erməni siyasətinin mərkəzində olanlar daim cinayət yolları ilə vəsait toplayırlar”

img

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Baş nazir Nikol Paşinyan barəsində ifşaedici çıxışlarını davam etdirir. Minasyan Paşinyanı siqaret, brilyant alverinin ardınca bu dəfə silah alverində günahlandırıb və sensasion məlumatlar açıqlayıb.

Minasyanın sözlərinə görə, Paşinyan mayın 23-də özünün hərbi müşaviri, Ermənistan Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsinin keçmiş rəisi Arşak Karapetyanı gizlicə Rusiyanın Voronej şəhərinə ezam edib. Məqsəd Nikol Paşinyan və onun ailəsi ilə bağlı ən iri qalmaqalı yatırmaqda kömək etməkdir. General Karapetyan Voronejdə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə danışıqlar aparıb. Paşinyanın və ailəsinin tütün qaçaqmalçılığı işi üzrə cinayət işi qaldırılmamasını xahiş edib.

Lakin Karapetyanın missiyası bununla bitməyib, o, Voronejdən Moskvaya yollanıb və orada Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparıb: “Paşinyan tütün və brilyant qaçaqmalçılığından sonra Ermənistanı beynəlxalq silah qara bazarına cəlb edib”. Minasyan xatırladır ki, Ermənistan KTMT üzvü kimi Rusiyadan silahları və hərbi texnikanı Rusiyadaxili qiymətləri ilə almaq hüququna malikdir. Bu qiymətlər beynəlxalq bazar qiymətlərindən ciddi fərqlənir. Sonra həmin silahlar üçüncü ölkəyə satılır. O bunun sxemini də göstərib və konkret faktlarla çıxış edib. Paşinyan bundan faydalanmaq üçün özünün yeni dostu David Qalstayanın vasitəsilə sxem qurub. O, Qalstyana Müdafiə Nazirliyi üzərindən səlahiyyət verib ki, məsələn, Ermənistan üçün Rusiyadan 100 vahid silah alsın. Sonra Ermənistan Qalstayanın ofşor şirkəti üzərindən həmin silahın 60 vahidini alır. Qalan 40 vahidi isə üçüncü ölkəyə satılır. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə. Oradan isə silah dördüncü ölkəyə ötürülür, burada silahın elə ilk istifadəsindən sonra müvafiq kodlarla onun Rusiyadan alındığı üzə çıxır. Rusiya isə bu haqda öyrənən kimi mafioz David Qalstayanı “persona non-qrata” elan edir. Onun 10 il ərzində Rusiyaya girişinə qadağa qoyur.

Göründüyü kimi, keçmiş səfir, ardıcıl olaraq, Paşinyanı ifşa etməkdədir. Bu isə perspektivdə Baş nazirə yaxşı bir şey vəd etmir.

  • “Görünür, Minasyanın əlində ciddi faktlar var ki, Paşinyanın üzərinə dayanmadan gedir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyana qarşı keçmiş klanın üzvlərindən müxtəlif istiqamətlərdə hücumların edilməsi onun mövqelərinin zəiflədilməsinə hesablanıb: “Keçmiş səfir M.Minasyanın Paşinyana yönəlik ittihamları çox ciddidir və bunun araşdırlmasına ehtiyac var. Paşinyanın silah alverində günahlandırılması ona yeni cinayət işinin başlanması üçün əsas səbəblərdən biri olmalıdır. Qeyd edim ki, Paşinyanın öz vəzifə səlahiyyətlərindən istifadə edib bu qaçaqmalçılıqla məşğul olması mümkündür. Bunu eks-hakimiyyət düşərgəsinin bilməsinə gəldikdə isə, görünür, onlar da əvvəllər bu işlə məşğul olublar. İndi isə estafet Paşinyana keçib. Ümumiyyətlə, erməni siyasətinin mərkəzində olanlar daim cinayət yolları ilə vəsait toplayırlar. Paşinyan da onların biridir. Hesab edirəm ki, demokrat cildində olan Paşinyana qarşı bu ittihamlar daha da inkişaf edə bilər. Bu da ona gələcək perspektivdə yeni siyasi problemlər yarada bilər.

Fikrimcə, Rusiya və digər ölkələr üzərindən Paşinyanın bu cinayət dolu alveri hüquqi prosedurla müəyyənləşərək ona qarşı yeni ittihamlara yol aça bilər. Nəticədə o, hakimiyyətdən gedə bilər. Görünür, Minasyanın əlində ciddi faktlar var ki, Paşinyanın üzərinə dayanmadan gedir. Göründüyü kimi, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır və bu proseslər Paşinyanın əleyhinə işləyəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər