11/07/2020 07:02
728 x 90

KTMT-də Azərbaycanın müşahidəçi statusu almaq imkanları Ermənistanı yenidən silkələyir...

İbrahim Rüstəmli: “Yevseyev ermənilərə işarə edir ki, bununla bağlı hansısa proseslər gedir”

img

Azərbaycanın KTMT müşahidəçisi ola biləcəyi ilə bağlı fikirlər yenidən Ermənistanı narahat etməyə başlayıb. Buna səbəb ermənipərəst və “Lazarev klubu”nun üzvü, rus hərbi analitik Vladimir Yevseyevin açıqlamaları olub.

V.Yevseyevin sözlərinə görə, bir müddət bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra onlayn brifinq zamanı bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları statusunu ala bilər. O qeyd edib ki, konkret olaraq, Azərbaycan məsələsi üzrə bənzər danışıq KTMT və Azərbaycan gündəmində hələ qeyd olunmur. Lakin bu barədə zaman-zaman danışılır və bu gün də bu danışıqlar aktivləşəcək, çünki Azərbaycanın bənzər status üçün imkanı var: “Rusiya Xarici İşlər naziri iddiaçılar siyahısında Azərbaycan barədə qeyd etməyib, çünki Azərbaycandan bənzər müraciət yoxdur”.

Jurnalistin “təşkilatlar da bənzər statusu ala bilərsə, MDB və Azərbaycanın müşahidəçi statusu alması mümkündür” sualına Yevseyev cavab verib ki, bu barədə Rusiya Xarici İşlər naziri tərəfindən danışılıb, bunun məqsədi KTMT-nin təsir zonasını və ümumi mənada KTMT-ni genişləndirməkdir: “Bu barədə bəyanatlar göstərir ki, müəyyən proseslər və müzakirələr olub, təşkilat tərəfindən müraciət var”.

Göründüyü kimi, Azərbaycanın KTMT-də müşahidəçi statusu ilə təmsil olunmaq məsələsi yenidən Ermənistanda təşviş yaratmaqdadır. Görünən odur ki, Ermənistan tərəfi bundan çox narahatdır.

  • “...sözügedən proseslər Azərbaycanın KTMT-də müşahidəçi statusu ilə təmsil olunmasını sürətləndirə bilər”

Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, ermənilərin sözügedən məsələ ilə bağlı bu qədər narahat olmasının bir sıra səbəbləri var: “Əvvəla, 2018-ci ildə Nikol Paşinyanın siyasi səhnəyə gəlişi Ermənistanın ictimai-siyasi həyatında mənfiyə doğru ciddi dəyişikliklərə səbəb olub. Məsələ ondadır ki, bu adam öz mövqeyinə görə stabil adam deyil. Nitqlərində, danışığında, jestlərində və ən başlıcası, siyasi bəyanatlarında çox ciddi qüsurlara yol verir. Bu vaxta kimi formalaşmış stereotipləri sanki məhv etməklə məşğuldur. Eyni zamanda, onun yaxın qonşularla bağlı bəyanatları əhəmiyyətli dərəcədə mövqe dəyişikliklərinə gətirib çıxara bilər. Digər tərəfdən, əvvəl-axır, Rusiya da bölgədə ən ciddi, sabitqədəm və ön planda dayanan Azərbaycanın önəmini düzgün dəyərləndirəcək. Gedən proseslər onu göstərir ki, Azərbaycan Rusiya ilə daha da yaxınlaşmaqdadır. Azərbaycan siyasi və hərbi əlaqələr baxımdan Rusiya ilə çox yaxşı münasibətdədir. İki ölkə arasında silah ticarəti ilə bağlı bir sıra müqavilələr var. Ermənilər bütün bunların fərqindədir və narahatdırlar ki, sözügedən proseslər Azərbaycanın KTMT-də müşahidəçi statusu ilə təmsil olunmasını sürətləndirə bilər. Nəzərə alsaq ki, belə bir halın baş verə biləcəyinə qatı ermənipərəst Yevseyev eyham vurur, o zaman ermənilərin narahatlığı anlaşılandır. O, ermənilərə işarə edir ki, bununla bağlı hansısa proseslər gedir. Bununla yanaşı, Paşinyanın Qərbə doğru boylanması Rusiyanın mövqeyində yeni redaktələri zəruriləşdirir. Hesab edirəm ki, Azərbaycanın Rusiya ilə yaxın münasibətləri fonunda ölkəmizin KTMT-də müşahidəçi statusu ilə təmsil olunması Qarabağ probleminin ədalətli həllinə müsbət təsir edə bilər. Erməni tərəfinin narahatlığı əsasən bununla bağlıdır”.

Vidadi ORDAHALLI

Son xəbərlər