11/07/2020 04:48
728 x 90

İllər öncə vəzifədən sakitcə getmiş bəzi məmurlar barədə korrupsiya müzakirələri səngimir - hüquqi tədbirlərə ehtiyac varmı...

Mehman Muradlı: “Dövlətin pulunu talayıb gizlənməyi bacaran ekslərlə də bağlı ciddi hüquqi araşdırmalar aparılmalıdır”

img

Azərbaycanda korrupsiya ilə ciddi mübarizə aparılır. Ortaya çıxan faktlardan görünür ki, uzun müddət rəhbər vəzifələrdə çalışan şəxslər dövlət əmlakını talamaqla məşğul olublar. Etiraf etməliyik ki, Azərbaycanda uzun müddət rəhbər vəzifədə işləmiş, adları korrupsiyada hallanan eks məmurlar da az deyil.

Zaman-zaman onların adları ciddi, hətta beynəlxalq səviyyəli korrupsiya qalmaqallarına hallanıb. Hətta vəziyyət elədir ki, artıq həmin məmurların varidatından dünyanın nüfuzlu KİV-ləri də yazmağa başlayıb. İki gündür ki, dünyanın diqqətini cəlb edən mövzulardan biri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin İngiltərə  ərazisində təxminən 100 milyon avro – 200 milyon manata yaxın biznes imperatorluğu qurması ilə bağlı təqdim edilən faktlar ətrafında olub. İgiltərə istintaqçıları  Azərbaycanın keçmiş təhlükəsizlik rəhbərinin övladları tərəfindən “Harrods” yaxınlığında 17 milyon funt sterlinqlik bir ev, o cümlədən bir sıra lüks mülklər alındığını müəyyən edib. Bu haqda nüfuzlu “The Guardian” nəşri yazıb. Adı belə maliyyə qalmaqallarında hallanan yalnız Eldar Mahmudov deyil. Başqa eks-məmurlarla da bağlı bəznər məlumatlar dövriyyəyə buraxılrsa, onlar barəsində ölkə daxilində hansısa tədbirin görülüb-görülməyəcəyi maraqlıdır. Bu tip şəxslərin fəaliyyətini araşdırıb, oğurladıqları pulların dövlət büdcəsinə qaytarılmasına ehtiyac varmı?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda vəzifədən uzaqlaşdırılan məmurların mütləq əksəriyyəti barədə korrupsiya, mənimsəmə ittihamları səngimək bilmir:“Elə vəzifədə olanda da adları dövlət büdcəsinin talanması, vəzifədən, dövlətin gücündən öz maraqlarının təmininə istifadələri haqda danılmaz faktlarla zəngin xəbərlər tirajlanır. Dövlət nəzarətindən yayınmağı bacaran məmurlar vəzifədə olanda xalqın pulunu, malını çapıb-talayır, mənimsəyir, vəzifəsini itirəndən sonra isə sakitcə ölkədən çıxardığı milyonları, bəzi hallarda isə hətta milyardları öz keflərinə xərcləyir, xarici ölkələrin iqtisadiyyatını ayaqda saxlayırlar.

Cinayət Məcəlləsində mənimsəmə və ya israf etmə üçün 5 ildən 10 ilədək, xüsusi külli miqdarda olduqda isə 10 ildən 14 ilədək  azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Yəni ən yüksək cəza 14 ildir. Korrupsiya cinayətləri bir neçə maddədə nəzərdə tutulur. Bir var vəzifə səlahiyyətlərindən sui-istifadə, burada cəza müddəti maksimum 7 ildir. Bir də var dövlət büdcəsinin və ya məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının vəsaitlərindən təyinatı üzrə istifadə etməmək. Burada maksimum cəza 6 illiyə azadlıqdan məhrum edilmədir. Daha bir hal satınalma prosedurlarını keçirmədən dövlət vəsaitlərini xərcləmə, yaxud dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlıdır - 4 ilədək həbs cəzası nəzərdə tutulur. Vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini mənimsəmə - maksimum cəza 3 ildir. Rüşvətalma külli miqdarda olduqda 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Belə cinayətlərə görə məmurlar ən ağır cəza almalı, qanunun sərt üzünü görməlidirlər. Büdcədən milyonlarla pul oğurlamış şəxs bilməlidir ki, onu xüsusilə ağır cəza gözləyir. Belə olmasa, büdcədən oğurluqları dayandırmq mümkün olmaz. Dövlətin pulunu talayıb gizlənməyi bacaran ekslərlə də bağlı ciddi hüquqi araşdırmalar aparılmalıdır. Onların varidatları milyardlarla ölçülürsə, niyə məsuliyyətdən kənarda qalmalıdırlar? Xalqın pulunu qanuni yollarla özünə qaytarmaq lazımdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər