11/07/2020 06:11
728 x 90

Dünyada pandemiya sürətlə düşür, Ermənistan bəşəri təhlükə mənbəyinə çevrilir – hətta Paşinyanlar ailəsi də yoluxdu…

Azər Həsrət: “Ermənistana rəhbərlik edən şəxslər böhranlı vəziyyətdə özlərini itirdikləri, çaş-baş qaldıqları üçün pandemiyaya yoluxma Paşinyanın özünə və ailəsinə qədər gedib çıxa bilib”

img

Bu gün Ermənistanın Cənubi Qafqazda pandemiya ocağına çevrilməsi nəinki bölgəmiz, eləcə də bütün dünya üçün böyük təhlükə olduğunu deməyə əsas verir. Adıçəkilən ölkədə karonavirusla mübarizə tədbirləri, demək olar ki, görülmür. Görülsəydi, nəticəsi bu qədər təhlükəli olmazdı. Vəziyyət o qədət təhlükəlidir ki, hətta virusdan Ermənistanın Baş naziri Nikol Paşinyan və ailəsi də canını qutara bilməyib.

Göründüyü kimi, xarici ölkələrdən, beynəlxalq təşkilatlardan koronavirusla “mübarizə aparmaq” adı ilə aldıqları yardım və ianələr də virusla mübarizəyə yönəldilməyib, mafioz qrupların ciblərinə axıb.

Qayıdaq Paşinyanın və ailəsinin virusa yoluxmasına. “İstiPress” "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, özünün və ailəsinin koronavirusa yoluxduğunu erməni Baş nazir öz "Facebook" səhifəsində canlı yayımda bildirib. “Ötən gün məlum olub ki, mənim koronavirus infeksiyası ilə bağlı verdiyim test müsbətdir. Məndə heç bir simptom yox idi. Lakin mən səfərə getməli olduğumdan test verməli oldum. Ailə üzvlərimin hamısında testin nəticələri müsbətdir. Aydındır ki, ailəmin bütün üzvləri məndən yoluxub. İqamətgahdan işləyəcəyəm. İşləməyim üçün bütün şərait, rabitə vasitələri var. Nə qədər bacarsam, o qədər də işləyəcəyəm” - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 8927-yə çatıb. Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 355 nəfər artıb.

  • “…özünü xilas etməsi sadəcə olaraq mümkün deyil”

Məsələyə münasibət bildirən tanınmış siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın və ailəsinin koronavirusa yoluxmasında təəccüblü heç nə yoxdur. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda baş verməli nə vardısa, o da baş verir. “Yəni o ölkə işğalçıdır, digər tərəfdən, iqtisadi imkanları çox zəifdir, dövlət idarəetməsi həddən artıq aşağı səviyyədədir, ümumiyyətlə, bu dövlətin nüfuzu aşağıdır. Ona görə də hər hansı bir böhran vəziyyətində, eləcə də hazırkı pandemiya dövründə Ermənistanın özünü xilas etməsi sadəcə olaraq mümkün deyil. Belə olmasaydı, koronavirus dövründə Ermənistanın başına bu işlər gəlməzdi. Gəlin rəqəmlərə fikir verək. Ermənistanda son 210 nəfər yoluxanlar da daxil olmaqla, 9500 nəfərə yaxın şəxsdə yoluxma faktı qeydə alınıb. Onlardan da 139 nəfər artıq dünyasını dəyişib və onlardan 8 nəfəri iyunun 1-də həyatını itirib. Bunun qarşılığında Ermənistanda cəmi 58670-ə yaxın test aparılıb. Təsəvvür edin ki, 58670 nəfərin içindən 9500 nəfərin yoluxması aşkarlanır. Bu nədən xəbər verir? Bu onu deməyə əsas verir ki, Ermənistanda test imkanları çox zəifdir, bu dövlət vətəndaşlarının sağlamlığını düşünərək onları vaxtında müayinə edib yoluxmanı aşkarlaya bilmir. Digər tərəfdən də təbiidir. Eyni zamanda, Paşinyanın və ailəsinin belə bir şəraitdə koronavirusa yoluxması, bu da anlaşılandır. Çünki artıq 3 milyonluq əhalinin arasında bu günə kimi cəmi 58670 test tətbiq edilibsə, indi təsəvvür edin ki, testdən kənarda qalan minlərlə insan arasında nə qədər yoluxan var”.

A.Həsrət Azərbaycan nümunəsini önə çəkərək qeyd etdi ki, bizim ölkədə 5500-ə yaxın yoluxma qeydə alınıb, cəmi 63 nəfər virusdan həyatını itirib və bunun qarşılığında 300 minə yaxın test aparılıb. “Yəni bu 300 min testin içindən 5500-ə yaxın insanın testi müsbət çıxıb. Ermənistanda isə 58670 nəfərin içindən 9500 nəfərə yaxın yoluxan var. Görürsünüz, rəqəmlər, faktlar elə şeydir ki, onunla manipulyasiya etmək olmur. Yəni ya var, ya yoxdur. Faktlar onu göstərir ki, Azərbaycan dövləti Ermənistandan fərqli olaraq, istənilən böhranlı vəziyyətə hazırdır və ən ağır vəziyyətdə belə özünü səfərbər edə bilir, vətəndaşla dövlət, vətəndaşla Prezident əl-ələ verib böhranlı vəziyyətdən çıxmaq üçün mümkün olanları edir. Ermənistanda isə vətəndaş və dövlət həmrəyliyi müşahidə edilmir. Həmin dövlət və o dövləti idarə edənlər böhranlı vəziyyətlərdə özlərini itirirlər. Ermənistana rəhbərlik edən şəxslər böhranlı vəziyyətdə özlərini itirdikləri, çaş-baş qaldıqları üçün  pandemiyaya yoluxma Paşinyanın özünə və ailəsinə qədər gedib çıxa bilib” - deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər