Aprel müharibəsinin təşəbbüskarı Azərbaycan olmuşdu? - Ermənistan deputatının Zakir Həsənovun dilindən dediyi doğrudurmu...

Ermənistan təbliğat maşını növbəti iftirasını dövriyyəyə buraxıb. Belə ki, Azərbaycan müdafiə naziri Zakir Həsənovun keçirdiyi son müşavirədə səsləndirdiyi fikirləri düşmən tərəfi özlərinə sərf edən tərzdə yozub.
Erməni KİV-i iddia edir ki, güya Zakir Həsənov 2016-cı ilin aprel ayında olan 4 günlük müharibənin təşəbbüskarının Azərbaycanın olduğunu bildirib. Bu məlumat Ermənistan parlamentinin deputatlarından birinin sosial şəbəkədə yazdığı fikirlərə əsasən tirajlanıb. Halbuki, müdafiə nazirimizin məlum toplantıdakı çıxışında biz erməni tərəfinin iddia etdiyi notlara rast gəlmədik. Belə olan halda erməni tərəfinin Aprel döyüşləri ilə bağlı yalan informasiya ilə manipulyasiya etməsi nə ilə əlaqəlidir? Təbiidir ki, bununla Ermənistan tərəfi yenidən sülh danışıqlarından yayınmaq üçün bəhanə axtarır. Azərbaycan tərəfini sülh danışıqlarından imtina edən tərəf kimi təqdim etməyə çalışır. Aprel döyüşlərinin Azərbaycanın təşəbbüsü ilə başladığına dair indiyə qədər ölkəmizin rəsmi dairələri tərəfindən bir dəfə də olsun məlumat verilməyib. Aprelin 2-dən 6-dək davam edən və ilk dörd günü daha aktiv keçən döyüşlər bütün sərhəd mövqelərimiz və yaşayış məntəqələrimizin atəşə tutulmasından sonra başladı. Həmin vaxt 6 mülki şəxs öldü, ağır yaralananlar oldu, xeyli sayda tikiliyə ziyan dəydi. Bütün bunların qarşısını almaq üçün komandanlıq cavab tədbirləri həyata keçirdi. Təbii ki, müharibə itkisiz olmur. Biz həmin döyüşlərdə qəhrəman zabitlərimizi, gizirlərimizi və əsgərlərimizi itirdik. Allah hər birinə rəhmət eləsin. Əldə etdiyimiz o oldu ki, iki strateji istiqamətdə - həm Lələtəpə (Füzuli, Beyləqan), həm də Tərtər-Ağdərə istiqamətində mövqelərimiz tamam fərqli duruma gəldi. Yəni həmin yüksəkliklərdən düşmən uzaqlaşdırıldı. Silahlı Qüvvələr düşmən təxribatının qarşısının alınması tapşırığı istiqamətində üzərinə düşəni yerinə yetirdi. Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatının və cavab tədbirlərinin dayandırılmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam etdi. Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib, təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tuturdu. Biz düşündük ki, düşmən aldığı dərsdən nəticə çıxaracaq. Amma gördük ki, onların yeganə məqsədi Azərbaycanı antiterror əməliyyatdan çəkindirməkdir. Antiterror əməliyyatı ölkəmizin haqqı və hüququdur. Çünki BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Ermənistan maksimum çalışır ki, danışıqlar prosesini uzatsın və status-kvonu saxlasın. Amma dünya da görür ki, uzun illərdir Azərbaycan səbr və dözüm nümayiş etdirir. Bu da sonsuza qədər davam edə bilməz. Dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etməlidir və Azərbaycan Ordusu da istənilən zaman buna qadirdir.
Məhəmmədəli QƏRİBLİ