12/07/2020 09:57
728 x 90

“Qaydasız davranışlar” arenasına çevrilmiş sosial şəbəkələr ABŞ kimi ölkəni də qorxudursa...

Azər Həsrət: “Biz müşahidə etmişik ki, ermənilərlə bağlı paylaşımlar edənlərin sosial media hesabları tez-tez bloklanır”

img

Donald Trampın “Twitter” ilə çəkişməsi bütün dünyada “sosial şəbəkələr necə tənzimlənməlidir” sualını aktuallaşdırdı. Bu məsələnin çox tərəfləri var. Amma bütün hallarda, söhbət iki ağırlıq mərkəzinin arasında balansın qurulmasından gedir: paylaşılan informasiyalara görə ya istifadəçi qanun qarşısında cavabdeh olmalıdır, ya da şəbəkə administrasiyası.

ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb ki, sosial şəbəkələr mühafizəkarların tərəfdarlarına qarşı qərəzli siyasətlərini davam etdirsələr, ABŞ hakimiyyəti onların fəaliyyətini sərt şəkildə tənzimləyəcək. Tramp bildirib ki, respublikaçılar sosial şəbəkələrin mühafizəkarların səslərini tamamilə boğduğunu hiss edir: “Biz 2016-cı ildə onların nə etdiklərini gördük, amma sonra uğursuz oldu. Yenidən oxşar halın baş verməsinə icazə verə bilmərik”.

Ağ Ev rəhbəri əlavə edib ki, sosial şəbəkələrin qərəzli yanaşmalarına görə onların fəaliyyəti dayandırıla bilər. Tramp, həmçinin, “Twitter”i prezident seçkilərinə müdaxilə və söz azadlığını boğmaqda ittiham edib.

Trampın sosial şəbəkələrlə bağlı yaratdığı intizama nə dərəcədə ehtiyac var və sosial şəbəkələrdə indiki Azərbaycan necə görsənir?

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ prezidentinin davranışı bizim illərlə dilə gətirdiyimiz, lakin Qərbin inkar etdiyi bir gerçəyi təsdiqləmiş olur:“Onlayn platformalar bir qayda olaraq birtərəflidir və müəyyən mərkəzlərin maraqlarına xidmət edirlər. Özlərinə sərf etməyən paylaşımları bu və ya digər şəkildə əngəlləməyə çalışırlar. Biz müşahidə etmişik ki, ermənilərlə bağlı paylaşımlar edənlərin sosial media hesabları tez-tez bloklanır. Ermənilərlə bağlı bizim etdiyimiz şikayətlər isə qulaqardına vurulur. Bu ondan xəbər verir ki, sosial media platformaları heç də iddia edilən kimi obyektiv deyil. Trampın başına gələn də bundan ibarətdir. Onun səsvermə ilə bağlı paylaşdığı tvitə həmin şəbəkənin başbilənləri müdaxilə edib. Prezidentin paylaşımı potensial yanıldıcı informasiya kimi təqdim olunub. Tramp da deyir ki, paylaşım mənimdirsə, ona hər hansı təqdimat verilə bilməz. Bu səbəbdən də onlayn senzura ilə bağlı icra sənədi ortaya çıxdı. "Twitter" rəhbərliyi isə bunu dövlətin müdaxiləsi kimi qiymətləndirir. Burada hər hansı müdaxilədən söhbət getmir. Məsuliyyətlə müdaxiləni bir-birinə qarışdırmamalıyıq. Sosial media platformalarının bütün istifadəçilərə bərabər davranması tələb edilirsə, burada hansı müdaxilədən söhbət gedə bilər? Trampın sərəncamı senzuranın yolverilməzliyini bir daha təsdiqlədi. Düşünürəm ki, bundan sonra sosial media platformaları daha dəqiq və məsuliyyətli olacaqlar.  Belə anlaşılır ki, sosial media platformaları iddia etdikləri kimi sərbəst özünüifadə üçün imkan demək deyil. Onlar özlərinə sərf edən özünüifadənin sərbəstliyi üçündür. Yəni hədsiz azadlıq söhbəti yalandır. Özü də bu, ABŞ-da belədir. Elə sözügedən sərəncamda da qeyd edilir ki, ABŞ-ın dövlət qurumları son həftələr ərzində 16 mindən artıq şikayət alıblar ki, sosial media vətəndaşlara senzura tətbiq edir. Tək-tək vətəndaşlar konkret faktları ABŞ Administrasiyasına göndərməklə faktiki senzuranın tətbiq edilməsini sübut etmiş olub. Donald Tramp sərəncamı imzalarkən həm də bu amili əsas götürüb.

Bu olanları Azərbaycan baxımından da şərh etmək olardı. Misal üçün, belə bir sənədi Donald Tramp deyil, Azərbaycan Prezidenti İlham Əliyev imzalasaydı dünyada nə baş verərdi? O baş verərdi ki, insan hüquqlarını qoruduğunu iddia edən təşkilatlar səs-səsə verib ölkəmizi ittiham edərdi. Lakin göründüyü kimi, ABŞ-la bağlı belə bir hərəkətlilik gözə dəymir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər