12/07/2020 09:36
728 x 90

Prezident Əliyevin Qobudakı çıxışından erməni əndişələri - Naxçıvan barədə “yeni iddialar paketi”...

Yeganə Hacıyeva: “Ermənilərin Naxçıvanla bağlı bundan sonrakı heç bir cəhdi səmərə verə bilməz”

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışındakı çıxışı erməniləri bərk narahat edib.

Erməni KİV-i ölkə başçısının xüsusilə də Naxçıvanla bağlı səsləndirdiyi fikirlərdən narahatlıqlarını açıq biruzə verərək, Naxçıvanla bağlı “yeni iddialar paketi”nin hazırlanmasının zəruriliyinə işarə edirlər. Qeyd edək ki, erməniləri bərk narahat edən Prezidentin çıxışının bu hissəsi olub: “..Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı. Gücün varsa, bayraq həmişə yüksəklərdə olacaq. O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, onlar da eyni addımı atsınlar...”

Ermənilər bu kontekstdə hətta Naxçıvanın guya de-fakto Türkiyənin nəzarətində olduğuna dair də sərsəm fikirlər dövriyyəyə buraxırlar. Bildirirlər ki, bu vəziyyət Ermənistanı Naxçıvanla bağlı “yeni iddialar paketi” hazırlamağa vadar etməlidir. Ermənilərin bu narahatlığı nə ilə bağlıdır və onların Naxçıvanla bağlı planları nə vəd edə bilər?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki,  Azərbaycanın ayrılmaz, tərkib hissəsi olan Naxçıvanla bağlı erməni iddiaları yeni deyil: “Onların başlıca məqsədi və xülyaları böyük Ermənistan qurmaqdır. Bu ideologiyanın təqdimatından görünür ki, onların yalnız Azərbaycana deyil, başqa ölkələrə də ərazi iddiaları var. Naxçıvan qədim Azərbaycan yurdudur. Orda tarix boyu erməni izi olmayıb. Onların istənilən cəhdi uğursuz alınacaq. Ən maraqlısı budur ki, hazırda bu iddianı etməklə, Türkiyənin də adını  hallandırırlar. Naxçıvan yalnız Azərbaycan üçün deyil, eyni zamanda bütün türk dünyası üçün əlverişli, strateji mövqedə yerləşir. Erməniləri narahat edən məqamlardan biri də məhz budur. Naxçıvan elə de-fakto da, de-yure də Azərbaycanın tabeçiliyindədir. Türkiyə ilə qardaş münasibətlərə malik olan ölkəmizin həmin ölkə ilə yeganə sərhədi məhz Naxçıvanladır. Bu səbəbdən də ermənilər məhz bu mövzu üzərindən təxribatlar törətmək istəyirlər. Ancaq bu cür erməni fitnələri bizim ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilməz.  Naxçıvanda Azərbaycan Ordusunun güclənməsi də erməniləri bərk əndişəyə salıb. Ordumuzun Günnüt əməliyyatı sübut etdi ki, Naxçıvan istiqamətindən biz yalnız müdafiə olunmağa deyil, həmçinin düşmənə istənilən layiqli cavabı verməyə hazırıq. Ölkə başçısının həmin bölgə ilə bağlı səsləndirdiyi fikirlər konkret tarixi faktlara əsaslanır. O vaxt Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı rəsmi bayraq kimi qəbul edildi. Bu danılmaz faktdır. Birmənalı şəkildə deyə bilərəm ki, ermənilərin Naxçıvanla bağlı bundan sonrakı heç bir cəhdi səmərə verə bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər