15/07/2020 06:36
728 x 90

Ermənistan Qarabağı da ən təhlükəli virus mənbəyinə çevirə bilər – Dünya Qarabağı İrəvandan heç olmasa müvəqqəti təcrid edə bilərmi...

Əli Orucov: “ATƏT-in Minsk Qrupu, Ümumdünya Səhiyyə Təşkilatı hərəkətə keçməlidir”

img

Bir milyon nəfərə düşən koronavirus xəstəsi sayına görə Fransa və İranı üstələmişik, Rusiya ilə bərabər vəziyyətə gəlib çıxmışıq. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan əhalini qaydalara riayət etməməkdə günahlandırıb: “Hadisələr belə templə davam edərsə, biz artıq İtaliyanı da haqlayacağıq. Epidemiyanın yayılmasının belə bir tempi avtomatik olaraq ağır və son dərəcə ciddi hadisələrə, ölüm hallarının artmasına səbəb olur. Bu vəziyyətin səbəbi anti-epidemioloji qaydalara kütləvi şəkildə riayət edilməməsi və vətəndaşlarımızın epidemioloji xəbərdarlıqlara ciddi yanaşmamasıdır”.

O bildirib ki, mayın 29-dan etibarən Ermənistan Nazirlər Kabineti adından İrəvan küçələrində Fövqəladə Hallar Nazirliyinin maşınlarının köməyi ilə insanlara maska taxılması, sosial məsafə saxlanılması, əllərin vaxtaşırı dezinfeksiya edilməsi ilə bağlı çağırışlar edilir.

Görünən odur ki, Paşinyan pandemiya qarşısında aciz olduqlarını etiraf edib. Bu, sözügedən məsələ ilə bağlı ölkədə vəziyyətin kifayət qədər kritik olmasının göstəricisidir. Ermənistanın özündə koronavirusla bağlı belə böyük risqlər olduğu şəraitdə ən azından epidemiyanı lokallaşdırmaq üçün müəyyən addımlar atılmalıdır. Yəni, Ermənistan hakimiyyət nümayəndələrinin, cəmiyyətinin Dağlıq Qarabağla təmaslarının kəsilməsinə böyük ehtiyac yaranıb. Bunun üçün isə dünya birliyinin reaksiyasına ehtiyac var. Ən azından məsələn, Ümumdünya Səhiyyə Təşkilatından, vasitəçi ölkələrdən, beynəlxalq təşkilatlardan buna münasibət bildirilməlidir ki, Ermənistanda pandemiya cilovlanana qədər Qarabağla olan təmaslar nəzarət altına götürülsün. O məqsədlə ki, epidemiya Qarabağda geniş yayılmasın.

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, prinsipcə bu, çox maraqlı ideyadır: “Məsələ ondadır ki, pandemiya Ermənistanda sürətlə yayılmaqdadır. Artıq rəsmi səviyyədə koronavirus qarşısında aciz olduqlarını bəyan edirlər. Epidemiya sürətlə yayıldıqca Ermənistanda ölənlərin sayı da artır. Proseslərin gedişi göstərir ki, yaxın günlərdə koronavirus əhali arasında daha kütləvi şəkildə yayılacaq. Ermənistanın ətraf ölkələrlə təması təcrid olunsa da, işğalçı ölkə Dağlıq Qarabağdakı separatçı qurumla sıx əlaqədədir. Bu da virusun işğal olunmuş ərazilərdə geniş yayılmasına zəmin yaradır. Zatən belə məlumatlar var ki, koronavirus Qarabağda yayılıb, amma yoluxanların və bundan ölənlərin həqiqi sayı hər vasitə ilə gizlədilir. Dağlıq Qarabağda qanunsuz narkotik ticarətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan dəfələrlə həyəcan təbili çaldı. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bunu görməzdən gəldi. İndi də pandemiyanın geniş yayılması təhlükəsi var. Ona görə də ATƏT-in Minsk Qrupu, Ümumdünya Səhiyyə Təşkilatı hərəkətə keçməlidir. Ermənistanın Qarabağla təması məhdudlaşdırılmalıdır, yoxsa pandemiya daha geniş əraziləri əhatə edə bilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər