Məlum olduğu kimi, bir neçə gün əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM, Avropa Məhkəməsi) "Ramil Səfərov işi" ilə bağlı qərar çıxarıb. Qərara Azərbaycandan reaksiyalar birmənalı olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi qərarla bağlı bildirib ki, məhkəmə Ermənistanın əsas niyyətini təmin etməyib.
Doğrudan da araşdırmalar göstərir ki, Ermənistanın bu mövzu ətrafında yaratmaq istədiyi ajiotaj sünidir. Ancaq maraqlıdır ki, bəzi sapı özümüzdən olan baltalar bu mövzu ətrafında ermənilərdən də çox canfəşanlıq edirlər. Məhz bu cür yaramaz mövqelərinə görə “jurnalist” və ictimai fəal kimi təqdim olunan həmin şəxslərin fikirləri erməni KİV-nin manşetlərini bəzəyir. Ermənilərin tanınmış jurnalist və teleaparıcı kimi təqdim etdiklərindən biri Tunay Əliyevadır. Qeyd edirlər ki, o, Ramil Səfərov barədə tənqidi fikirlər səsləndirib. Araşdırmamız nəticəsində müəyyən etdik ki, bu adda şəxs həqiqətən öz profilində bənzər fikirlər yazıb. Həmin paylaşımı təqdim edirik: “Ramil Səfərov qəhrəman deyil, emosiyasını idarə etməyib cinayət törədən biridir. Mümkünsə hörmətlə yanaşın fikrimə. Yox ailə tərbiyənizi göstərib söyüş söymək istəyirsizsə, hodri meydan”.
Tunay Əliyeva hazırda Azərbaycanda yaşamır və heç bir jurnalistika fəaliyyəti ilə məşğul olmur. İxtisasca aktrisa olan bu xanım xaricdə öz dünyagörüşünə uyğun filmlərə çəkilir. Onun Azərbaycandakı jurnalist karyerası isə telekanallardan birində hava məlumatını səsləndirməkdən ibarət olub.
Ermənilərin istinad etdiyi və “jurnalist” kimi qələmə verdiyi Azər Kazımzadə adlı şəxsin də səhifəsində zabitimizin təhqir edildiyi fikirlərə rast gəldik. Bu adam ətrafında apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, onun da peşəkar jurnalistika ilə heç bir əlaqəsi olmayıb. Hazırda xarici ölkələrdən birinə sığınan həmin şəxs separatçı Əlikram Hümbətovun dəstəkləyicisi kimi tanınır.
Ermənilərin fikirlərini tirajladığı üz qaralarından biri isə özünü psixoloq kimi təqdim edən, əslində isə tamamilə başqa işlərlə məşğul olan Nərmin Şahmarzadədir. Azərbaycan cəmiyyətinə bu şəxsin adı qürur yerimiz olan Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi ilə yadda qalıb. Nərmin Şahmarzadə həmin əməllərinə görə, Azərbaycandakı bir qrup vətənpərvər tərəfindən məhkəməyə verilib və barəsində ittiham qərarı çıxarılıb.
Əslində bu cür adamların nümayiş etdirdikləri mövqe onların indiyə qədərki fəaliyyətləri, düşmən dəyirmanına su tökmələri ilə bağlı ortaya qoyduqları sabitqədəmliklə adekvatlıq təşkil edir. Onlardan bundan artığını gözləməyə heç dəyməzdi də...
Məhəmmədəli QƏRİBLİ